DÜNYA
Almanların çoxu bu ölkədən çıxıb getmək istəyir...
Berlin, 6 noyabr, AZƏRTAC
Almanların çoxu bu ölkəni heç olmasa bir müddətə, bəziləri isə həmişəlik tərk etmək arzusundadır.
İctimai rəyi öyrənən YouGov İnstitutu tərəfindən aparılmış rəy sorğusunun Berlində dərc edilmiş nəticələrindən məlum olur ki, Almaniya sakinlərinin orta hesabla hər iki nəfərindən biri mühacir olmağa hazırdır.
AZƏRTAC həmin sorğu barədə hesabata istinadla xəbər verir ki, reprezentativ tədqiqat iştirakçılarının 55 faizi Almaniyadan bir müddət çıxıb getmək və ya xaricdə daimi məskunlaşmaq arzusundadır. Potensial mühacirlərin üçdəbir hissəsi Almaniyanı həmişəlik tərk etmək istədiyini bildirib. Respondentlərin 13 faizi iki ildən beş ilədək xaricdə yaşamağı təsəvvür edir. Sorğu iştirakçılarının 9 faizi ən çoxu bir il xaricdə qalmağa hazırdır. Sorğu iştirakçıları vurğulayıblar ki, Almaniyadan köçüb getmək istəyənlərin çoxu yaşı 65-dən yuxarı olanlardır. 18-24 yaşlarında gənclər xaricdə müvəqqəti yaşamağa maraq göstərir.
Sorğu iştirakçılarının çoxu Almaniyadan köçüb getmək istəyini daha sakit şəraitdə yaşamaq arzusu ilə izah edir. Mühacir olmağa hazırlaşan almanların 38 faizi başqa ölkələrdə stressiz həyat keçirməyə ümid edir. Mühacirət üçün digər əsaslar həyatın keyfiyyəti (33 faiz), hava şəraiti (31 faiz), həmçinin daha sabit siyasi şəraitdə yaşamaq və daha çox pul qazanmaq arzusudur. Sorğu iştirakçılarının çoxu bildirib ki, onların mühacirət məsələsinə münasibəti son illərdə dəyişib. Respondentlərin 29 faizi hələ iki il bundan əvvəl xaricə köçüb getməyə hazır deyildi.
Statistik tədqiqatlar onu da təsdiq edir ki, qocalıq illərini məsələn, Malyorkada qayğısız keçirmək istəyən almanlar, həm də bu arzularını fəal şəkildə həyata keçirir. Federal Statistika İdarəsinin bu mövzuya aid son məlumatlarına görə, məsələn, 2016-cı ildə Almaniyanın 281 min vətəndaşı xarici ölkələrdə qeydiyyata düşüb. Əvvəlki illərdə Almaniyanı uzun müddətə və ya həmişəlik tərk edənlərin sayı orta hesabla ildə 140 min nəfər olub. Federal Statistika İdarəsi bu cür kəskin artımı hesablama sistemindəki dəyişikliklərlə izah edir. Xarici ölkələrdə yaşayan və işləyən insanların dünyada ən böyük qeyri-rəsmi birliyi olan “InterNations” Beynəlxalq Təşkilatı alman mühacirlər arasında çoxluq təşkil edən insanların hansı tipə aid olduğunu aydınlaşdırıb. Bu təşkilatın təsnifatına görə, alman ekspatlar arasında xarici ölkələrdə karyera quranlar, xaricdə özünə həyat yoldaşı tapanlar, səyahət etməyi və macəra axtarmağı xoşlayanlar, həmçinin tələbələr daha çox rast gəlir.
“InterNations” təşkilatının tədqiqatında qeyd edilir ki, bütövlükdə alman ekspatlar immiqrantlar kütləsində seçilir. Almaniyadan başqa ölkələrə köçüb gedənlərin çoxu yüksəkixtisaslı mütəxəssislərdir. Məsələn, elə həmin “InterNations” təşkilatının məlumatına görə, alman ekspatların 27 faizi alimlik dərəcəsi almış şəxslərdir. Başqa ölkələrə köçüb gedən almanların öz yeni vətənlərinin dövlət dilini bilmə dərəcəsi orta səviyyədən yuxarıdır. “InterNations” təşkilatı tərəfindən “romantiklər” (sevgilisinə qovuşmaq üçün xaricə gedənlər) qrupuna daxil edilmiş almanlar arasında xarici dili yaxşı və ya çox yaxşı bilənlərin sayı 88 faizə qədərdir (dünya üzrə bu göstəricinin orta qiyməti 57 faizdir).
Alman ekspatlar arasında ən populyar ölkələr İsveçrə, Avstriya və Böyük Britaniyadır. Müxtəlif statistik tədqiqatlara görə, Almaniyadan köçüb gedən vətəndaşların üçdə iki hissəsi Avropada məskunlaşır. Bu baxımdan, uzaq ölkələr arasında ABŞ, Avstraliya, Çin və Kanada liderlik edir. Cənub ölkələri arasında Türkiyə, İspaniya, Fransa və İtaliya almanlar üçün daha populyardır. Onlar bu ölkələrə əlverişli iqlim şəraitinə və sakit həyat tərzinə görə köçüb gedirlər.
Almanlar daimi yaşamaq üçün Rusiyaya da köçüb gedir. Məsələn, Almaniya Federal Statistika İdarəsinin məlumatına görə, 2015-ci ildə AFR-dən Rusiyaya daimi yaşamaq üçün köçüb gedənləri 2341 nəfər olub. Bu, məsələn, İtaliyaya, Kanadaya və ya Tailanda köçüb gedənlərdən çoxdur.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin