DÜNYA
Almanların əksəriyyəti Dünya Çempionatı-2018-i boykot etməyin əleyhinədir
Berlin, 15 iyun, AZƏRTAC
Almaniyada rəy sorğusunda iştirak edənlərin əksəriyyəti alman siyasətçilərin Rusiyada keçirilən futbol üzrə dünya çempionatını boykot qərarının əleyhinədir.
AZƏRTAC xəbər verir ki, "ARD-Deutschlandtrend"in açıqladığı sorğunun nəticələrinə görə, respondentlərin 69 faizi Rusiyaya getməmək qərarını yersiz hesab edir, onların yalnız 26 faizi siyasətçilərin boykotunu məqsədəuyğun sayır.
DÇ-2018 final mərhələsi matçlarının Rusiyada keçirilməsinin düzgün olması barədə suala cavab verənlərin rəyləri isə yarı-yarıya bölünüb. Respondentlərin 45 faizi bu məsələyə müsbət, 42 faizi isə mənfi mövqe nümayiş etdirib.
Respondentlərin 42 faizi Almaniya yığmasının dünya çempionatının qalibi olacağına əmindir. Bu, mundialın Braziliyada keçirilməsi ərəfəsində - 2014-cü ilin iyununda açıqlanmış rəqəmdən 15 bənd çoxdur.
Respondentlərin 11 faizi o zamankı ev sahibinin bu çempionatda qələbə qazanacağı qənaətindədir. Sorğunun nəticələrinə görə, İspaniya üçüncü (9 faiz), Fransa isə dördüncü (7 faiz) yerləri tutacaq.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin