MƏDƏNİYYƏT
Almatıda Muxtar Auezovun 125 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda ölkəmiz də təmsil olunub
Bakı, 28 sentyabr, AZƏRTAC
Sentyabrın 28-də türk dünyasının görkəmli şəxsiyyəti, qazax yazıçısı Muxtar Auezovun anadan olmasının 125 illiyi münasibətilə Almatıda “Auezov və dünya sivilizasiyası” adlı elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Beynəlxalq Türk Akademiyası, Muxtar Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutu, TÜRKSOY, Qazaxıstan Yazıçılar İttifaqının təşkilatçılığı və Almatı şəhər administrasiyasının dəstəyi ilə gerçəkləşib.
Konfrans M.Auezovun dünya sivilizasiyasındakı yerinin və rolunun müəyyənləşdirilməsinə, qazax ədəbiyyatı ilə dünya ədəbiyyatı arasında əlaqələrin möhkəmləndirilməsinə, qazax ədəbiyyatının tarixinin və müasir inkişaf tendensiyalarının dərk edilməsinə, ümumbəşəri dəyərlərə əsaslanan mütərəqqi idealların təbliğinə həsr olunub.
Konfrans yazıçının abidəsi önünə gül dəstələrinin qoyulması ilə başlayıb.
“Dostluq evi”ndə keçirilən tədbirdə Muxtar Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru Kenjehan Matıjanov, Beynəlxalq Türk Akademiyasının daimi katibi Asxat Kesikbayev, dövlət və ictimai xadim Murat Auezov, görkəmli folklorşünas alim, akademik Seyit Kaskabasov, Xalq yazıçısı Oljas Suleymanov, Bakı Slavyan Universitetinin professoru Nizami Məmmədov, eləcə də Qırğızıstan, Macarıstan, Hollandiya, Cənubi Koreya, Özbəkistanın aparıcı alimləri, yazıçıları, ziyalıları, elmi-tədqiqat institutlarının əməkdaşları, müəllimlər və gənc alimlər iştirak ediblər.
Beynəlxalq Türk Akademiyasının daimi katibi A.Kesikbayev təşkilatın Muxtar Auezov irsinin təbliği istiqamətində gördüyü işlər barədə məlumat verib, konfransın işinə uğurlar arzulayıb.
Konfrans çərçivəsində Beynəlxalq Türk Akademiyası tərəfindən çapdan çıxmış yazıçının “Qırğız qəhrəmanlıq dastanı Manas” elmi əsəri, azərbaycanlı alim, filologiya üzrə fəlsəfə doktoru Turan Teymurovun “M.Auezovun “Abay” romanında sənətkarlıq məsələləri” monoqrafiyası, həmçinin “Abay” romanının Azərbaycan dilinə yeni nəşrinin təqdimatı olub.
Konfrans sentyabrın 29-da “Muxtar Auezov və Yeni Qazaxıstan: ictimai şüurun inkişafında mənəvi mədəniyyətin rolu” adlı dəyirmi masası ilə davam edəcək.