SİYASƏT


Almatıdakı “Qazaxıstan Azərbaycanlıları Assosiasiyası” İctimai Birliyinin sədri ölkənin ali mükafatı-“Kurmet” ordeni ilə təltif olunmuşdur

Astana, 15 dekabr (AZƏRTAC). Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Fərmanı ilə Almatıdakı “Qazaxıstan Azərbaycanlıları Assosiasiyası” İctimai Birliyinin (AAİB) sədri, Qazaxıstan Xalqları Assambleyası Şurasının üzvü Əbülfəz Xəmmədov ölkənin ali mükafatı - “Kurmet” ordeni ilə təltif olunmuşdur.

Ordenin təqdimetmə mərasimində Qazaxıstanın dövlət katibi Kanat Saudabayev bildirmişdir ki, Əbülfəz Xəmmədov bu ali mükafata ölkənin sosial-iqtisadi, mədəni inkişafında, həmçinin qazax dilinin Azərbaycan diasporu arasında geniş təbliği, Qazaxıstan Xalqları Assambleyası Şurasının üzvü kimi fəal işinə görə layiq görülmüşdür.

Əbülfəz Xəmmədovun babaları 1937-ci illərdə Azərbaycandan Qazaxıstana sürgün edilmişdir. O, Cənubi Qazaxıstan vilayətinin Maxtaral rayonunda anadan olmuşdur. 2000-ci ildən AAİB-ə başçılıq edir.

“Mənə verilən bu yüksək mükafat Qazaxıstandakı bütün azərbaycanlılarına verilən qiymətdir. Xalqlarımız tarixən dostluq etmiş, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin ulu öndər Heydər Əliyev ilə də yaxın dostluq əlaqələri olmuşdur”, - deyə Əbülfəz Xəmmədov AZƏRTAC-ın müxbirinə bildirmişdir.

Onun sözlərinə görə, indi Astanada Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin inşası davam etdirilir, gələn il bu binanın açılışı gözlənilir.

Əbülfəz Xəmmədov Dünya Azərbaycanlılarının Bakıda keçirilən bütün qurultaylarda iştirak etmişdir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.