DÜNYA
Alp dağlarında gəzintidə olan alpinistlərin təxliyəsi faciə ilə nəticələnib
Vyana, 5 iyun, AZƏRTAC
Avstriyada Alp dağlarında gəzinti turda iştirak edənlərin təxliyəsi xilasedici və alpinistin ölümü ilə nəticələnib.
Bazar günü Alp dağlarında gəzintidə olan iki alpinist Ayzenertser Rayxenştayn regionunda çətin vəziyyətə düşərək, xilas olunmaq üçün həyəcan siqnalı veriblər. Onları təxliyə etmək üçün əraziyə cəlb edilən polis helikopteri ilk olaraq hər iki alpinisti xilas etməyə müvəffəq olub.
28 yaşlı polis helikopterə bağlanmış kəndirlə alpinistlərin olduğu dərəyə enib və hər iki alpinist ərazidən çıxarılıb. Lakin bəlli olmayan səbəblərdən kəndir helikopterdən açılıb və hər üç şəxs dərəyə düşüb. Polis və qadın alpinist hadisə yerində həlak olublar.
Əraziyə göndərilmiş daha iki helikopter çətin şəraitdə digər alpinisti xilas edə bilib.
Qeyd edilməlidir ki, ekstremal dağ idmanı Avstriyada sevilən məşğuliyyət növlərinə daxil olsa da, hər il dağlarda bağ verən qəzalarda yüzlərlə insan müxtəlif bədən xəsarəti alır. 2015-ci ilin statistik göstəricilərinə görə isə, dağ idmanı zamanı baş vermiş qəzalarda 87 nəfər həlak olub.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana