CƏMİYYƏT
Altı ayda nikaha daxil olmaq istəyən 63,1 min nəfər müayinə edilib
Bakı, 16 iyul, AZƏRTAC
2015-ci ilin iyun ayından başlayaraq ailə həyatı quran cütlüklərin nikahdan əvvəl aparılan müayinəsi talassemiya daşıyıcılarının aşkarlanmasında mühüm rol oynayıb. Həmin müayinələri aparmaqda əsas məqsəd talassemiyalı xəstə uşaqların dünyaya gəlməsinin və digər irsi xəstəliklərin qarşısını almaqdır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunandan bu il iyunun sonunadək 291,4 min nəfər müayinədən keçib.
Son iki ildə müayinələrdən keçənlərin bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da, ümumilikdə nikaha daxil olmaq istəyənlərin əksəriyyətinin sağlamlığı qənaətbəxşdir. İndiyə qədər 12 min nəfərdə talassemiya daşıyıcılığı, 1,1 min nəfərdə sifilis, 209 nəfərdə isə QİÇS aşkar olunub.
Bu ilin birinci yarısında 63,1 min nəfər müayinələrə cəlb edilib, 1853 nəfərdə şəxsdə talassemiya daşıyıcılığı, onlardan 19-da cütlüyün hər ikisində daşıyıcılıq qeydə alınıb. Müayinə olunanların 259 nəfərində sifilis, 46 nəfərdə isə HİV1/2 QİCS olduğu aşkarlanıb.