REGİONLAR
Altı yaşından rənglərin sehrinə düşən istedadlı rəssam, bacarıqlı müəllim FOTO VİDEO
Siyəzən, 24 mart, Elxan Yusifli, AZƏRTAC
Həm istedadlı rəssam, həm də bacarıqlı müəllim. Onun kətan, boşqab, kötük, daş və başqa materialların üzərində çəkdiyi şəkillər görənlərin zövqünü oxşayır. Altı yaşından rənglərin sehrinə düşən
İlahə Adıgözəlova indi özü şagirdlərinə rəsm çəkməyin sirlərini öyrədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İlahə Adıgözəlova 1999-cu ildə Siyəzən şəhərində doğulub. Orta təhsilini Cəfər Cabbarlı adına 1 saylı tam orta məktəbdə alıb. 2017-ci ildə Azərbaycan Dövlət Pedaqoji Kollecində Təsviri incəsənət müəllimliyi ixtisası üzrə təhsil almağa başlayıb. Kolleci müvəffəqiyyətlə bitirdikdən sonra müəllimlik fəaliyyətinə başlayıb. Hazırda Siyəzən rayonu E.Rəhimov adına Sədan kənd tam orta məktəbində Təsviri incəsənət dərsini tədris edir.
İlahə Adıgözəlova hələ altı yaşı olanda maraqlı rəsmlər çəkməyi ilə seçilib. Əvvəl rəssamlığa hobbi kimi yanaşan İlahə kolleci bitirdikdən sonra peşəkar rəssamlıq yolunda addımlamağa başlayıb.
İlk illər kətan üzərində yağlı boya ilə rəsmlər çəkən istedadlı gənc sonradan dekorativ tətbiqi sənət növlərinə də maraq göstərib. İlahənin boşqab, stəkan, kötük, daş və lampalar üzərində akril və kontur boyaları ilə çəkdiyi rəsmlər görənlərin marağına səbəb olub.
“Əvvəllər kağız üzərində şəkillər çəkirdim. Sonra isə müxtəlif materialların üzərində işləməyə başladım. İlk işim boşqabda pişik şəklidir. Pişikləri çox sevirəm. Şəkilləri çəkərkən milli koloritə daha çox üstünlük verirəm”, - deyə gənc rəssam söyləyib.
2019-cu ildə İlahə Adgözəlovanın Siyəzən şəhərində fərdi rəsm sərgisi təşkil olunub. Hazırda yeni əsərlər üzərində işləyən rəssam yaxın gələcəkdə daha bir sərgisini təqdim etməyə hazırlaşır: “Rəssamlıq səbir, həvəs və diqqət tələb edir. Mən məktəbdə şagirdlərimə də bunu aşılayıram. İstedadlı şagird qarşısına məqsəd qoyarsa, gələcəkdə bacarıqlı rəssam ola bilər”.
İlahə Adıgözəlova çəkdiyi rəsm əsərlərini, xüsusilə dekorativ əl işlərini almaq istəyənlər də çoxdur. Elə buna görə əl işlərinin satışını da təşkil edir.