MƏDƏNİYYƏT


Altmış beş ilin “Portret”i

Tanınmış publisist Rəhilə Gülgünün “Portret” adlı yeni kitabı işıq üzü görüb

Bakı, 18 may, AZƏRTAC

Bu günlərdə tanınmış publisist Rəhilə Gülgünün “Portret” adlı yeni kitabı işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, “Zərdabi Nəşr” MMC-də nəfis tərtibat və xüsusi zövqlə çap olunan 546 səhifəlik bu kitabda müəllifin 40 illik yazar əməyinin bəhrəsi, qələmə aldığı sənədli ədəbi-publisistik yazılarının bir qismi toplanıb. Hekayə, etüd, povest, söhbət kimi səciyyələndirilən bütün əsərləri birləşdirən kitabda başlıca keyfiyyət həyati faktlarla bədii ifadənin birləşməsindən yaranan ovqatdır.

Redaktoru tanınmış şair Vaqif Bəhmənli olan bu kitab 4 bölmədən – “Portret etüdlər”, “Portret hekayələr”, “Portret povestlər” və “Portret söhbətlər”dən ibarətdir. Kitabdakı hər bir nümunəyə ölçüsünə görə fərqlənən portret kimi baxıla bilər. “Portret etüdlər” bölməsi “Dağlar sənə bir şans versə”, “Meşə sükutunu xoşbəxtlik pozar”, “Anam hey”, “Kür qırağının adamları” kimi kiçikhəcmli 11 etüddən ibarətdir. Kitabın “Portret hekayələr” adlanan ikinci bölməsində “Təzə ürək ilə oxuyan Alim”, “Özünü görmək”, “Dünya gözəl bir saraydır” olmaqla ümumilikdə 11 hekayə yer alır. 3-cü bölmədə digər bölmələrə nisbətən daha az, 4 hekayə (“Gün işığı kimi”, “Xəbərin rəngi”, “Göylər adamı”, “Ömür hekayəti”) cəmlənib. Kitabın çox maraqlı, xatirələrlə dolu sonuncu bölməsi “Portret söhbətlər” adlanır. Burada tanınmış simalarla söhbətlər, xatirələr toplanıb.

Kitaba “Ön söz”ü müəllif özü yazıb və bununla bağlı üç səbəb göstərib. Birinci səbəb kimi hansısa ciddi qələm sahibini işindən ayırmaq istəmədiyini bildirib. İkinci səbəb olaraq yazıları haqqında rəy, araşdırma sevdasına düşməyinin ən azı, mübaliğə olduğunu və bunun təbiətinə yad gəldiyini qeyd edib. Sonuncu səbəb kimi isə bunları yazır: “Bir başqası tərəfindən yox, məhz öz tərəfimdən yeni kitabıma bu qeydləri qoşmağımın üçüncü səbəbi odur ki, yaradılanın dəyərini onu yaradan qədər kimsə bilməz məntiqinə həmişə və tərəddüdsüz inanmışam”.

Kitabın “Son söz” müəllifi Əməkdar jurnalist Zemfira Məhərrəmlidir. O, yazısında tələbə yoldaşı Rəhilə Gülgünlə ilk tanışlıqlarından və tələbəlik illərindən söz açıb, onun hazırladığı veriliş və yazıların peşəkarlığı, Azərbaycan ədəbi dilinə sayğısı, ehtiramı, mübarizliyi ilə diqqət çəkdiyini bildirib.

Müəllif hər kəsi ömrünün 65-ci baharına hədiyyə olan bu kitabla yaxından tanış olmağa çağırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.