ELM VƏ TƏHSİL
Əlyazmalar İnstitutu: Azər Buzovnalının ədəbi irsinin toplandığı növbəti kitab nəşr edilib
Bakı, 14 noyabr, AZƏRTAC
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən XIX əsrin sonu – XX əsrin əvvəllərində yaşamış ustad şair, tərcüməçi, pedaqoq və ictimai xadim Azər Buzovnalının əsərlərindən ibarət III kitab çapdan çıxıb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, məktubların və məqalələrin daxil olduğu kitabdakı mətnləri ərəb əlifbasından elmi müəssisənin Şəxsi arxivlərin tədqiqi şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Könül Bağırova transfoneliterasiya edib. O, həmçinin nəşrin tərtibçisi və ön sözün müəllifidir. Kitabın elmi redaktoru həmin şöbənin müdiri, filologiya üzrə elmlər doktoru Nailə Səmədova, rəyçisi institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimovdur.
Nəşrdəki materiallar A.Buzovnalının Əlyazmalar İnstitutunun fondunda, eləcə də şəxsi arxivlərdə qorunan əsərləri əsasında tərtib olunub. Yeni kitab 2007 və 2012-ci illərdə şairin nəşr edilmiş əsərlərinin davamıdır. Əvvəlki nəşrlərdə olduğu kimi, burada da dəyərli və yeni mənbələr toplanıb. İlk dəfə tədqiqata cəlb edilən məktub və məqalələr şairin dövründə məşhur söz ustadları ilə qurduğu ədəbi əlaqələri və yaşadığı dövrün ictimai-siyasi durumunu işıqlandırmaq baxımından əhəmiyyətlidir. Azər Buzovnalının məqalələri içərisində xüsusi yer tutan Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə bağlı qələmə aldığı “Nizaminin tərcümeyi-halı”, “Şərq şairlərinin əsərlərində təsadüf olunan məhəbbət motivləri” və digər araşdırmaları müəllifin fəlsəfi dünyagörüşünü, nəzəri-filoloji fikirlərini çözmək, eyni zamanda, nizamişünaslıq sahəsinə yeni mənbələr bəxş etmək baxımından olduqca dəyərlidir.
Üçüncü kitab A.Buzovnalının anadan olmasının 150 illiyinə həsr edilib.