ELM VƏ TƏHSİL
Əlyazmalar İnstitutunun əməkdaşları UNESCO-nun təlim proqramının sertifikatları ilə təltif olunublar
Bakı, 1 iyul, AZƏRTAC
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları UNESCO-nun Dünya Mədəni və Təbii İrsinin Qorunmasına dair 1972-ci il Konvensiyası çərçivəsində “İrsin idarə edilməsi bacarıqlarının inkişafı” mövzusunda təlim proqramında iştirak ediblər.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. İnstitutun Beynəlxalq elmi-mədəni əlaqələr şöbəsinin elmi işçisi Əsmər Hümbətli və Təchizat və xidmət şöbəsinin mütəxəssisi Səbinə Quliyeva irs idarəetməsinin effektivliyi və qiymətləndirilməsi, dünya irsi əraziləri, onların özünəməxsus atributları və tələblərə uyğunluqları, interaktiv metodlarla mədəni irsin müxtəlifliyinin təbliği, qoruq ərazisində milli irs nümunələri, idarəetmə təcrübəsi, menecment, konservasiya, risk menecment planlarının hazırlanması haqqında biliklərə yiyələniblər.
Əlyazmalar İnstitutunun əməkdaşları 4 günlük təlim kursunu uğurla bitirdiklərinə görə sertifikatla təltif olunublar.
Qeyd edək ki, təlim Mədəniyyət Nazirliyinin sifarişi, Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tərəfdaşlığı və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının dəstəyi ilə reallaşıb.