ELM VƏ TƏHSİL
Əlyazmalar İnstitutunun jurnalları üçün elektron beynəlxalq standart seriya nömrəsi təyin olunub
Bakı, 15 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun 2015-ci ildən nəşr etdirdiyi “Əlyazmalar yanmır” və “Elmi əsərlər” jurnalları üçün Fransa ISSN Mərkəzi tərəfindən Elektron Beynəlxalq Standart Seriya Nömrələri (e-ISSN) təyin edilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, yeni nömrələrə iddiaçı qismində Əlyazmalar İnstitutunun çap kitablarının tədqiqi şöbəsi çıxış edib və müvafiq sənədləşdirmə, təqdimat işlərini həyata keçirib.
Qeyd edək ki, buna qədər hər iki jurnalın çap versiyası üçün ISSN Mərkəzindən eyniləşdirmə nömrələri (“Əlyazmalar yanmır” jurnalı üçün ənənəvi ISSN 2410-5600, “Elmi əsərlər” üçün isə ISSN 2410-5619) əldə olunub. Lakin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən elmi nəşrlər qarşısında qoyulan yeni tələblərə uyğun olaraq, jurnallar ənənəvi (print) ISSN-lə yanaşı, elektron ISSN-ə də malik olmalıdır. Məhz bu məqsədlə Fransa ISSN Mərkəzinə ünvanlanan müraciət müsbət nəticələnib və “Əlyazmalar yanmır” jurnalı 2663-998X nömrəli, “Elmi əsərlər” jurnalı isə 2663-9998 nömrəli beynəlxalq e-ISSN əldə edib.