İDMAN
Alyona İvançenko: “EYOF – 2019” yüksək səviyyədə təşkil edilib, Bakı isə öz gözəlliyi ilə valeh edir
Bakı, 25 iyul, AZƏRTAC
XV Avropa Gənclər Olimpiya Festivalı (EYOF Bakı 2019) yüksək səviyyədə təşkil edilib.
Bu sözləri AZƏRTAC-a müsahibəsində qızlar arasında velosiped idmanı üzrə qrup yarışlarının bürünc mükafatçısı, rusiyalı idmançı Alyona İvançenko söyləyib.
O deyib: “Mən belə miqyaslı idman tədbirində ilk dəfə iştirak edirəm və hər şey çox xoşuma gəlir. Festival yüksək səviyyədə təşkil edilib”.
Rusiyalı velosiped yürüşçüsü vurğulayıb: “Gücüm azacıq çatmadı. Nə etməli? Məşq etməyə, gələcək çıxışlar və qələbələr üçün güc toplamağa davam edəcəyəm”.
A.İvançenko Azərbaycan paytaxtı barədə deyib: “Bakı çox gözəl şəhərdir. O, gözəlliyi ilə valeh edir. Doğrudur, çox istidir”.
Qeyd edək ki, iyulun 25-də XV Avropa Gənclər Olimpiya festivalı çərçivəsində qızlar arasında velosiped idmanı üzrə qrup yarışları keçirilib.
Əlli kilometr məsafəyə yarışlarda medallar uğrunda 30-dan çox ölkədən 75 qız mübarizə aparıb.
Qızlar arasında yarışların yekunlarına görə, Böyük britaniyalı Zoye Bakstedt (1:21.00) qızıl medal, italiyalı Françeska Barale (1:22.04) gümüş medal, rusiyalı Alyona İvançenko (1:22.09) bürünc medal qazanıblar.