İQTİSADİYYAT
“AmCham”ın dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı gördüyü işlər təqdir olunub
Bakı, 12 dekabr, AZƏRTAC
Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”) tərəfindən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı görülmüş işlər təqdir olunub.
Tarif (qiymət) Şurasının Katibliyindən AZƏRTAC-a bildiriblər ki, bu barədə dekabrın 12-də “AmCham” nümayəndələri ilə ölkədə dərman vasitələri bazarının tənzimlənməsi sahəsində həyata keçirilən tədbirlərlə bağlı qurumda keçirilən görüşdə bildirilib.
Görüşdə “AmCham” tərəfindən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı görülmüş işlərin təqdirəlayiq olduğu vurğulanıb, eyni zamanda, bu sahədə həyata keçirilən tədbirlərin dərman vasitələri bazarında istehlakçıların hüquqlarının daha etibarlı müdafiəsinə, onların qiymətdə aldadılmasının və baş verə biləcək neqativ halların qarşısının alınmasına imkan yaratdığı qeyd olunub.
Həmçinin məlumat verilib ki, quruma üzv olan şirkətlər arasında Azərbaycanda fəaliyyət göstərən bir sıra dərman vasitələri istehsalçıları da təmsil olunur və bu sahədə mövcud vəziyyət, tətbiq olunan yeniliklər periodik görüşlər zamanı müzakirə edilir.
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyi tərəfindən ölkədə dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı palata nümayəndələrini maraqlandıran suallara ətraflı cavablar verilib, səmərəli əməkdaşlığın bundan sonra da davam etdirilməsi razılaşdırılıb.