CƏMİYYƏT
Əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair tədbir təşkil olunub
Bakı, 30 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Bakının Xətai rayonunda yerləşən 56 nömrəli orta məktəbdə əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair maarifləndirmə tədbiri keçirilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Azərbaycanın uşaq hüquqları ilə bağlı mühüm beynəlxalq sənədlərə qoşulduğu, Beynəlxalq Əmək Təşkilatının “Minimum yaş həddi haqqında”, “Uşaq əməyinin ən pis formaları haqqında” Konvensiya və Tövsiyələri ratifikasiya etdiyi barədə məlumat verilib.
Ölkəmizin əmək qanunvericiliyinin uşaqlara münasibətdə mütərəqqi yanaşmaları əks etdirdiyi qeyd olunub. Əmək Məcəlləsinə əsasən, yalnız 15 yaşına çatmış şəxsin əmək müqaviləsinin tərəfi ola bildiyi, 15 yaşından 18 yaşınadək olanlara əmək müqaviləsi bağlanarkən onların qanuni nümayəndələrinin yazılı razılığının tələb olunduğu bildirilib.
Tədbirdə yaşı 18-dən az olan işçilər üçün əmək münasibətləri sahəsində nəzərdə tutulan əlavə təminat və güzəştlər, bu təbəqədən olan işçilərin əməyinin tətbiqinin qadağan edildiyi iş yerləri və s. barədə ətraflı məlumat verilib. Uşaq əməyinin istismarı halları və həmin halların qanunla qadağan edildiyi diqqətə çatdırılıb.
Müəllim və şagirdlərin, işəgötürənlərin nümayəndələrinin müvafiq mövzuda sualları cavablandırılıb.
BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə hər il olduğu kimi, bu il də ölkəmizdə oktyabrın 20-dən noyabrın 20-dək “Uşaq hüquqları aylığı” elan olunub.