CƏMİYYƏT
Əmək və əhalinin sosial müdafiəsi naziri Şabranda 5 rayonun sakinləri ilə görüşəcək
Bakı, 3 oktyabr, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, oktyabrın 12-də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şabran rayonunda Şabran, Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, sosial sığorta münasibətləri, tibbi-sosial ekspertiza və reabilitasiya, məşğulluğun təmin olunması) aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar oktyabrın 9-dək ad, soyad, ata adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şəkildə ([email protected] elektron ünvana və ya poçt vasitəsilə) və ya 142-Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Müraciət edənlər əvvəlcədən tərtib edilmiş siyahı ilə qəbul ediləcəklər.