CƏMİYYƏT
Əmək və əhalinin sosial müdafiəsi naziri Şirvan şəhərində vətəndaşları qəbul edib
Bakı, 22 iyun, AZƏRTAC
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şirvan şəhərinin, Sabirabad, Saatlı və Hacıqabul rayonlarının sakinlərini qəbul edib. Qəbuldan əvvəl xalqımızın ümummilli lideri Heydər Əliyevin Şirvan şəhərindəki abidəsi önünə əklil qoyulub, xatirəsi dərin ehtiramla yad olunub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Şirvan şəhərində keçirilən qəbula gələn vətəndaşlar sosial təminat növlərinə hüququn müəyyənləşdirilməsi, məşğulluğun təminatı, özünüməşğulluq proqramına və peşə hazırlığına cəlb olunmaq, müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı, əlilliyin təyinatı, bərpa müalicəsi xidmətləri və reabilitasiya vasitələri ilə təmin edilmə, sosial sığorta münasibətləri və s. məsələlərlə əlaqədar müraciət ediblər. Nazir həmin müraciətlərdə ifadə olunan ayrı-ayrı məsələlərin qısa müddətdə araşdırılması və nəticəsinə uyğun şəkildə tədbirlər görülməsi barədə aidiyyəti üzrə tapşırıqlar verib.
Nazirin tapşırığına uyğun olaraq, bir sıra şəxslərə müraciətlərinə əsasən ərazidəki vakant iş yerlərinə göndərişlər verilib, əlilliyi olan şəxslər bərpa müalicəsi xidmətləri və reabilitasiya vasitələri ilə təmin edilmək üçün qeydiyyata alınıb. Müraciət edənlərdən bir nəfər əlil arabası ilə təmin olunub. Nazir, həmçinin qəbula gələn aztəminatlı ailələrin nümayəndələrinin müraciəti nəzərə alınmaqla, onların kiçik ailə təsərrüfatlarını qurmaları üçün özünüməşğulluq proqramına cəlb edilməsi ilə bağlı tapşırıb verib.
S.Babayev Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, aztəminatlı ailələrin özünüməşğulluq proqramına cəlb olunması işlərinin gücləndirildiyini, cari ildə proqramın əhatə edəcəyi şəxslərin sayının 7 minə çatdırılmasının nəzərdə tutulduğunu vurğulayıb. Bildirib ki, Şirvan şəhəri, Sabirabad, Saatlı, Hacıqabul rayonları üzrə 48 şəxs özünüməşğulluq proqramı çərçivəsində müxtəlif iqtisadi fəaliyyət növləri üzrə öz ailə təsərrüfatlarını yaradaraq kiçik biznesə çıxış imkanı qazanıb. Bu il isə onların sayının 5 dəfədən çox olması, o cümlədən qəbul aparılan 3 rayon və bir şəhər üzrə 250 ailənin həmin proqramda iştirakı nəzərdə tutulub.
İmtiyazlı şəxslərin mənzillə əlaqədar müraciətlərinə də cavablar verilib. Nazir qəbul keçirilən bölgədə son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 30-a yaxın fərdi yaşayış evinin inşa edilərək Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verildiyini, qarşıdakı dövrdə bu istiqamətdə işlərin davam etdiriləcəyini bildirib.
Sorğu xarakterli müraciətlərlə əlaqədar vətəndaşlara ətraflı hüquqi izahatlar, habelə Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 19 aprel tarixli Fərmanının icrası istiqamətində aparılan işlər barədə məlumatlar verilib.
Qəbula gələn vətəndaşlar ölkə əhalisinin rifah halının yaxşılaşdırılması, sosial cəhətdən həssas qruplara, o cümlədən əlilliyi olanlara və şəhid ailələrinə dövlət qayğısının artırılması, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, onların özünüməşğulluq və kiçik ailə biznesinə çıxış imkanlarına yiyələnmələri üçün aparılan işlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.