DÜNYA
“American Airlines” aviaşirkəti pilotların çatışmaması səbəbindən yüzlərlə reysi ləğv edir
Vaşinqton, 22 iyun, AZƏRTAC
“American Airlines” aviaşirkəti ötən həftənin şənbə və bazar günlərində 300-dən çox reysi ləğv edib. AZƏRTAC xəbər verir ki, səfərlərə tələbatın kəskin artması ilə əlaqədar aviaşirkət personalın çatışmaması, texniki xidmətdə yaranmış mürəkkəbliklər və başqa problemlərlə üzləşir.
Ölkənin cənub ştatlarında əlverişsiz hava şəraiti və digər amillərlə əlaqədar “American Airlines” iyulun birinci yarısında uçuşların sayını 1 faiz azaldıb.
Şirkətin bəyanatında bildirilir ki, bu tədbir aeroportda yarana biləcək “sürpriz”lərin sayını minimuma endirəcək. “American Airlines” nümayəndələri bildiriblər ki, misli görünməmiş pis hava şəraiti onların işinə çox mənfi təsir göstərib, reyslərin gecikməsinə, ləğv edilməsinə və uçuş cədvəlində məcburi dəyişikliklərə səbəb olub. Bundan əlavə, şirkətin bəzi təchizatçılarının işçi qüvvəsinin çatışmaması, istehlakçı tələbatının inanılmaz dərəcədə sürətlə artması səbəbindən şirkət iyulun ortalarına qədər planlaşdırılmış uçuşların bir hissəsinə düzəliş etməli olub. Şənbə günü 123 reys, yəni həmin gün nəzərdə tutulan bütün reyslərin 4 faizi ləğv edilib. Bildirilir ki, bazar günü 180 reys ləğv edilib, bu göstərici regional daşıyıcılar tərəfindən yerinə yetirilən reyslər də daxil olmaqla bütün reyslərin cəmi 3 faizinə bərabərdir.
Bazar günü baş tutmayan reyslərin yarısının ləğv edilməsi heyətlərin dəstləşdirilməsi ilə bağlı problemlərlə izah olunur. Turizm sənayesinə həsr edilmiş “View From the Wing” saytında verilən məlumata görə, reyslərin ləğv edilməsi koronavirus pandemiyasının yayılma sürəti azalandan sonra aktiv olmayan pilotları işə qaytarmaq cəhdləri ilə bağlıdır. Şirkət federal səviyyədə stimullaşdırıcı yardım alandan sonra heç bir işçini işdən azad edə bilməyib. “American Airlines” aktivləşmək üçün beş günlük kurs keçməli olan pilotları əvvəlki rejimə qaytarmaq üçün hələ, necə deyərlər, yolun yarısını keçib. Aviaşirkətin saytında verilən məlumata görə, pilotların çatışmaması əsasən “Boeing 737” təyyarələri ilə bağlıdır.
AZƏRTAC-ın Vaşinqton bürosu