RƏSMİ XRONİKA
Amerika Birləşmiş Ştatlarının konqresmenlərindən
Amerika Birləşmiş Ştatlarından bir qrup konqresmen – Ralf Hol, Pit Olsın, Henri Kuellar, Cin Qrin, Nora Espinoza və K. Mark Takay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu göndərmişlər.
Məktubda deyilir: “Hörmətli cənab Prezident, Sizə doğum gününüz münasibətilə ən səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaq istəyirik. Sizin ABŞ ilə Azərbaycan arasındakı strateji tərəfdaşlığa verdiyiniz töhfələri olduqca yüksək qiymətləndiririk. Ölkələrimiz arasında güclü tərəfdaşlıq əlaqələri mövcuddur və dostluğumuz Sizin rəhbərliyinizlə daha da güclənmişdir.
Ölkələrimiz arasındakı münasibətlər çox vacibdir və bizim enerji sahəsindəki, həmçinin geosiyasi məsələlərdə strateji əməkdaşlığımız çox güclüdür. ABŞ ilə Azərbaycan narkotik qaçaqmalçılığından terrorizmlə mübarizəyə qədər bir çox məsələlərdə birgə çalışırlar. Azərbaycanın Avropanın enerji təminatının şaxələndirilməsində oynadığı mühüm rolu xüsusi vurğulayırıq. Xalqlarımız arasında dostluğun inkişaf etdirilməsindən məmnunluq duyuruq.
Azərbaycan ilə apardığımız müzakirə və mübadilələri yüksək qiymətləndiririk. Sizi əmin edirik ki, bu münasibətlərin inkişafına dəstək olacağıq”.