QAN YADDAŞI


Amerikada Xocalı soyqırımına həsr olunmuş videokonfrans təşkil edilib

Bakı, 2 mart, AZƏRTAC

Amerika Sefardlar Federasiyasının (ASF) və Amerika Müsəlmanları Liderləri İttifaqının (AMLİ) birgə təşəbbüsü və təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş “Xatırlamaq və danışmaq: Xocalı qırğınını yad etmək, soyqırımı və etnik təmizləməyə qarşı mübarizə aparmaq” mövzusunda videokonfrans keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirin moderatoru AMLİ-nin icraçı direktoru Zeyneb Zeb Xan bu dəhşətli qətliam haqqında ətraflı məlumat verib, baş verənlərə laqeyd olmadıqlarını vurğulayıb.

ASF-nın icraçı direktoru Ceyson Quberman Azərbaycanda yaşayan yəhudilərin də Xocalı faciəsini yad etdiklərini bildirib, rəhbəri olduğu qurumun son iki ildə Xocalı faciəsi ilə əlaqədar keçirdiyi tədbirlərin videoməcmuəsini təqdim edib. 44 günlük müharibə nəticəsində Qarabağın işğaldan azad edildiyini xatırladan natiq məcburi köçkünlərin öz evlərinə qayıdacaqlarını bayram kimi qeyd edəcəklərini və Xocalı şəhərində həyatın yenidən dirçələcəyini bildirib.

Tədbir azərbaycanlı pianoçu Abuzər Manafzadənin “Xocalıya” əsərinin səsləndirilməsi ilə davam edib. Sonra “Arts Council” layihəsinin direktoru, rəssam Dadaş Məmmədov, tanınmış pianoçu, Əməkdar artist, professor Nərgiz Əliyarova, Azərbaycan Diaspor Gəncləri şəbəkəsinin üzvü, Vaşinqton Universitetinin doktorantı Çilənay Səfərli çıxış ediblər.

Dadaş Məmmədov özünün və mərhum atası, tanınmış rəssam Nazim Məmmədovun Xocalı mövzusuna həsr etdikləri rəsm əsərlərindən danışıb. Bu dəhşəti insanlara incəsənət vasitəsilə çatdırmağa çalışdıqlarını vurğulayıb. Hazırda dövlət qurumlarının vasitəsilə xarici ölkələrdə sərgilərinin təşkil olunduğunu qeyd edib. Tədbirdə Dadaş və Nazim Məmmədovların Xocalı soyqırımına həsr etdikləri rəsm əsərləri nümayiş olunub.

Pianoda “Vətən haqqında ballada” əsərini ifa edən Nərgiz Əliyarova bütün dünyanın Xocalı soyqırımından məlumatlı olmasının, insanlığa sığmayan bu cür cinayətin gələcəkdə baş verməməsi üçün preventiv addımların atılmasının vacibliyini vurğulayıb. XX əsrdə erməni cəlladlarının dəfələrlə azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı cinayətləri törətdiyini xatırladan professor qeyd edib ki, bu zaman onlar ölkəmizdə yaşayan milli azlıqlara da rəhm etməyiblər, 1918-ci ilin mart soyqırımı zamanı 12 min azərbaycanlı ilə yanaşı yəhudiləri də qətlə yetiriblər. Ermənistanın monoetnik dövlətə çevrildiyi, Azərbaycanın isə multikultural dəyərlərə sadiq qaldığı, xalqımızın müxtəlif icmalarla sülh və barış içində yaşadığı diqqətə çatdırılıb.

Çilənay Səfərli ölkəmizin tarixində 29 il öncə baş vermiş soyqırımı qurbanlarını yad etdikləri üçün tədbir təşkilatçılarına minnətdarlığını bildirib. Tədbir Əmirliklərin Yəhudi Məclisinin baş ravvini Hakham Rabblor Abadienin Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxuması ilə yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.