İQTİSADİYYAT


Əmlak Məsələləri Dövlət Komitəsi Beynəlxalq Mərzçəkənlər Federasiyasına üzv seçilib

Bakı, 13 may, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Beynəlxalq Mərzçəkənlər Federasiyasına (FIG) üzv seçilib.

Komitədən AZƏRTAC-a bildirilib ki, Beynəlxalq Mərzçəkənlər Federasiyasının Vyetnamın paytaxtı Hanoyda keçirilən Baş Assambleyasında Azərbaycanda torpaq sahələrində mərzçəkmə işinin təşkili və aparılmasını təmin edən qurum kimi komitə FIG-ə üzv seçilib. Bununla komitə mərzçəkmə sahəsində həyata keçirilən beynəlxalq təcrübələrdə yaxından iştirak edəcək, peşəkar kadr potensialı daha da təkmilləşəcək.

Federasiyanın fəaliyyəti daşınmaz əmlak idarəçiliyinin bütün sahələrini əhatə edən 10 peşəkar komissiya tərəfindən həyata keçirilir. Onların 8-də komitənin müvafiq nümayəndələrinin təmsil olunması nəzərdə tutulur. Həmin komissiyalar “Peşəkar standartlar və praktika”, “Peşəkar təhsil”, “Məkan məlumatlarının idarəedilməsi”, “Koordinat yerləşmələri və ölçmələr”, “Mühəndis tədqiqatları”, “Kadastr və torpaq idarəçiliyi”, “Məkan planlaşdırılması və inkişaf”, “Qiymətləndirmə və daşınmaz əmlakın idarəedilməsi” sahələrini əhatə edir.

Qeyd edək ki, 1878-ci ildə təsis edilmiş Beynəlxalq Mərzçəkənlər Federasiyasının əsas məqsədi beynəlxalq mərzçəkmə qaydalarının müəyyən edilərək daim təkmilləşdirilməsi və onların ölkə praktikalarında düzgün tətbiqini təbliğ etməkdən ibarətdir. Federasiya qlobal mərzçəkmə üzrə bütün peşəkar sahələri əhatə edən qeyri-hökumət təşkilatı olub, 120-dən çox dövlətin mərzçəkmə assosiasiyalarını, aidiyyəti dövlət qurumlarını, o cümlədən elmi-tədris müəssisələri və mərzçəkmə fəaliyyəti ilə məşğul olan şirkətlərin üzvlüyünü təmin edən və onların fəaliyyətini əlaqələndirən, BMT tərəfindən tanınan qeyri-kommersiya təşkilatıdır.

Federasiyanın üzvləri mərzçəkmə sahəsində peşəkar təcrübələrə dair məlumatları pulsuz əldə etmək, təşkilatın minlərlə kitab, broşür və digər nəşrlərdən ibarət fiziki və elektron kitabxanasından istifadə etmək imkanına malikdir. Həmçinin təşkil olunan seminar, təlim kursları, illik konfrans və forumlarında iştirak etmək, eləcə də qlobal mərzçəkənlər şəbəkəsinin üzvləri ilə peşəkar təcrübə mübadiləsini həyata keçirmək hüququna malikdirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.