REGİONLAR
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
Bakı, 22 fevral, AZƏRTAC
Azərbaycan Prezidentinin tapşırıqlarına və bölgələrdə vətəndaş qəbulu cədvəlinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov fevralın 22-də Mingəçevir şəhərində vətəndaş qəbulu keçirib.
Komitədən AZƏRTAC-a bildirilib ki, qəbulda Mingəçevir şəhəri ilə yanaşı, Yevlax, Ağdaş, Bərdə rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb. Komitənin müvafiq qurumlarının rəhbərlərinin də iştirakı ilə keçən qəbuldakı müraciətlər mülkiyyət hüquqlarının tənzimlənməsi, daşınmaz əmlakın, o cümlədən fərdi yaşayış evlərinin, həyətyanı torpaq sahələrinin dövlət qeydiyyatına köməklik göstərilməsi barədə olub. Dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı müraciətlər də səsləndirilib. Eyni zamanda, vaxtilə vətəndaşlara ayrılmış torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi, torpaq sahələrinin təyinatı üzrə istifadəsi məsələlərinə aid müraciətlər olub.
Vətəndaşların fərdi müraciətlərini diqqətlə dinləyən komitə sədri bütün məsələlərin qanunvericiliyə uyğun olaraq həlli istiqamətində tapşırıqlarını verib. Bəzi müraciətlər dərhal həll edilib. Araşdırılma tələb edən müraciətlər nəzarətə götürülüb və onların həlli istiqamətində struktur bölmələrin rəhbərlərinə müvafiq göstərişlər verilib. Komitənin fəaliyyət istiqamətlərinə aid olmayan məsələlər isə aidiyyəti üzrə göndərilməsi üçün qeydiyyata alınıb.
Prezident İlham Əliyevin çoxmənzilli bina sakinlərinin mənafelərinin qorunmasına, humanizm prinsiplərinə əsaslanan “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” müvafiq Fərmanından bəhs edilib. Komitə sədri bildirib ki, sosial prinsiplərə söykənən Fərman vətəndaş məmnunluğuna, onların sadə yollarla mülkiyyətini qeydiyyata almasına, leqal əmlakların sayının artmasına istiqamətlənib. Bu Fərmanla 400-dən artıq yaşayış kompleksinin 50 mindən çox sakininin əmlak hüququnun rəsmiləşməsi imkanı yaranacaq. Belə ki, qeydiyyat orqanından asılı olmayan səbəblərdən qeydiyyat sənədi verilə bilmədiyi halda, qeydiyyatdan əvvəlki maneələr aradan qaldırılacaq. Həmçinin qeyd olunub ki, daşınmaz əmlakın qeydiyyatı sahəsində qanunvericilik bazası təkmilləşdirilib, mülkiyyət hüququ əldə etmək üçün tələb olunan sənədlərin siyahısı genişləndirilib.
Komitə sədri qeyd edib ki, bu Fərmanla on minlərlə vətəndaşın əmlak hüququnun rəsmiləşməsinə imkan yaranacaq.
Qəbul zamanı komitə sədri vətəndaşlara göstərilən bütün xidmətlərdə məmnunluğun, çevikliyin və şəffaflığın təminatı istiqamətində görülməli işlərlə bağlı komitənin ərazi idarələri və tabeli qurumlarının yerli şöbələrinin rəhbərlərinə tapşırıqlarını verib. K.Həsənov bildirib ki, hər bir vətəndaş müraciətləri operativ formada həll olunmalı, vətəndaş maraqları qanunvericiliyə uyğun olaraq tam təmin olunmalıdır.
Komitə sədrinin regionlarda vətəndaş qəbulları qarşıdakı aylarda da davam etdiriləcək.