REGİONLAR
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Güzdək qəsəbəsində
Bakı, 11 mart, AZƏRTAC
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası martın 11-dən 15-dək Güzdək qəsəbəsində keçiriləcək.
Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) AZƏRTAC-a bildirilib ki, kampaniyanın yaratdığı fürsətlərdən istifadə etmək istəyən qəsəbə sakinləri saat 09:00-dan 17:00-dək Abşeron rayonu, Güzdək qəsəbəsi, Həzi Cavadov küçəsindəki (Aşağı Güzdək İcra nümayəndəliyinin yanında) səyyar avtobusa yaxınlaşa bilər. Sakinlər üçün yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlakların qeydiyyatı xidmətləri ilə yanaşı, hüquqi yardım məqsədilə də mobil ofislərə müraciət etmək imkanı yaradılıb.
Daşınmaz əmlakın səyyar qeydiyyatı üzrə keçirilən bu kampaniya ilə vətəndaşlar məşğuliyyətdən uzaqlaşmadan, rahatlıqla xidmətlərdən istifadə edir. Xidmətlərin göstərildiyi avtobusun bütün lazımi avadanlıqlarla təmin olunması vaxta qənaətə və eyni anda bir neçə vətəndaşın xidmətdən istifadəsinə şərait yaradır. Tətbiq edilən müasir üsullar xidmətlərin daha operativ formada göstərilməsinə, vətəndaş məmnunluğunun təmin olunmasına yönəlib.
Cari il ərzində “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Bakı, Sumqayıt və Abşeron üzrə müxtəlif kənd və qəsəbələrdə keçirilib. İctimai əhəmiyyətli kampaniyada vətəndaşlara qeydiyyat xidmətlərinin göstərilməsi ilə yanaşı, onlar tərəfindən ünvanlanan suallar qanunvericiliyə uyğun olaraq cavablandırılıb və həlli üçün hüquqi məsləhətlər verilib.
Daşınmaz əmlakın qeydiyyatı xidmətlərinin birbaşa ünvanlarda göstərilməsi ilə bağlı sosial kampaniyalar davam etdirilir. Səyyar xidmətlərdə əsas hədəf vətəndaşların rahat və əlçatan formada xidmətlərdən faydalanmasını təşkil etmək, eləcə də daşınmaz əmlakların leqallaşmasını genişləndirməkdir.