ELM VƏ TƏHSİL
“Ən yaxşı elmi məruzə” müsabiqəsinin qalibləri mükafatlandırılacaqlar
Bakı, 22 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının 28 may - Respublika Günü və ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar təşkil etdiyi “Ən yaxşı elmi məruzə” müsabiqəsinə qatılan namizədlərin təqdimatları olub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, elmi müsabiqənin şərtlərinə uyğun olaraq ekspert komissiyasının üzvləri qiymətləndirmə aparmaq üçün gənc alimlərin hazırladıqları məruzələri dinləyiblər. Sonra məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
Müsabiqənin qalibləri mayın 25-də elan olunacaq. Həmin gün keçiriləcək tədbirdə qaliblərə diplom və pul mükafatları veriləcək. Həmçinin elmi nailiyyətlərinə görə bir gəncə “Gənclər üçün akademik Əli Quliyev” mükafatı da təqdim olunacaq.