CƏMİYYƏT
Ana südü körpələrin sağlam inkişafı üçün ən ideal qidadır
Bakı, 3 oktyabr, AZƏRTAC
Oktyabrın 3-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Azərbaycanda “Ana südü ilə qidalanma” həftəsinin başlanması və “Körpələrin dostu klinikası” təşəbbüsünün təbliği ilə bağlı “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, paytaxtdakı doğum evləri, qadın məsləhətxanaları və uşaq poliklinikalarının baş həkimlərinin iştirak etdikləri tədbirdə ana südünün körpələrin sağlam inkişafı üçün ən ideal qida olduğu vurğulanıb.
İSİM-in direktoru Qəhrəman Haqverdiyev bildirib ki, Səhiyyə Nazirliyi və UNICEF-in birgə təşkilatçılığı ilə hər il avqust və oktyabr aylarının ilk həftələrində ana südünün üstünlüklərinə həsr edilən “Ana südü” həftəsi keçirilir. O, ana südü ilə qidalanan uşaqların sayını artırmaq üçün təhsil müəssisələrində, kütləvi informasiya vasitələrində, əhali arasında geniş maarifləndirmə işlərinin aparıldığını diqqətə çatdırıb.
UNICEF-in Azərbaycandakı nümayəndəsinin müavini Min Yuan körpələrin inkişafında ana südü ilə qidalanmanın əvəzsiz rol oynadığını vurğulayıb. O bildirib ki, qurum Azərbaycan Hökuməti ilə birgə anaların öz körpələrini südlə qidalandırmasına daha yaxından kömək etmək məqsədilə geniş ictimai maarifləndirmə kampaniyalarının, “Körpələrin dostu klinikası” təşəbbüsünün bərpasına birgə səy göstərir. UNICEF, həmçinin mamaça və tibb bacıları üçün təlimlər keçirilməsinə, körpələrin yalnız ana südü ilə qidalandırılması səviyyəsinin artırılmasına dəstək verir.
Sonra ana südü ilə qidalandırmaya dair videoçarx nümayiş olunub.
İSİM-in səhiyyə siyasəti və islahatlar şöbəsinin müdir müavini Şəhla Mirzəzadə ana südü ilə qidalandırmanın ana və körpələrə olan faydaları və “Körpələrin dostu klinikası” təşəbbüsünün təbliği ilə bağlı təqdimatla çıxış edib.
Mərkəzin şöbə müdiri Səbinə Babazadə ana südü ilə qidalandırmanın körpələrin və anaların sağlamlığının qorunması üçün ən səmərəli yol olduğunu və onun təbliğinin vacibliyini diqqətə çatdırıb.
Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və iştirakçılara İSİM tərəfindən hazırlanan maarifləndirici materiallar paylanılıb.
Qeyd edək ki, oktyabrın 1-dən 7-dək Azərbaycanda “Ana südü ilə qidalandırma” həftəsi keçirilir.