REGİONLAR


Anadolu Agentliyi Naxçıvanın məşhur Batabat yaylağından reportaj hazırlayıb

Bakı, 29 iyun, AZƏRTAC

Qardaş Türkiyənin Anadolu Agentliyi “Naxçıvanın Batabat təbiət gölünün “təbiət turizm mərkəzi”nə çevrilməsi istiqamətində işlər davam etdirilir” sərlövhəli reportaj yayıb.

AZƏRTAC xəbər verir ki, Furkan Gəncoğlunun müəllifi olduğu reportajda turistlərin Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun ərazisində yerləşən Batabat gölünə böyük maraq göstərdikləri vurğulanır. Qeyd olunur ki, 2500 metr yüksəklikdə yerləşən göldəki “Üzən ada” görənləri heyran edir.

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyəti sədrinin müşaviri Elşən Mustafayev Anadolu Agentliyinə bildirib ki, Batabat gölü və ətrafı Naxçıvanın ən çox ziyarət edilən bölgələri sırasındadır. Ona görə də buranın turizm mərkəzinə çevrilməsi istiqamətində muxtar respublikada işlər uğurla aparılır. Ətrafda sıx meşənin də olduğunu bildirən Elşən Mustafayev qeyd edib ki, Batabat gölü və ətrafı endemik bitki növləri baxımından çox zəngin bölgədir. Əsrlərdir ki, arıçılar burada yüksək keyfiyyətli bal əldə edirlər. Bu bölgədə yaşayan insanlar uzun ömür sürürlər. Çünki havası, suyu təmizdir və onlar təbii qidalar qəbul edərək sağlam yaşayırlar.

Naxçıvan Muxtar Respublikasının rəhbəri təbiətin qorunmasına çox böyük diqqət və qayğı göstərir. Bu böyük sərvətin qorunması üçün hər kəs əlindən gələni edir.

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Naxçıvan bürosunun rəhbəri Rauf Əliyev isə bildirib ki, Batabat gölü və onun ətrafı təbiətsevərlər üçün əvəzsiz bir məkandır. Naxçıvanda bir çox iqlim qurşaqlarının olduğunu vurğulayan Rauf Əliyev deyib ki, Batabatdakı iqlim Qara dəniz iqlimi ilə bənzərlik təşkil edir. Bura yaşıllıqlarla əhatə olunub. Rayonun Ağbulaq kəndinin ərazisində isə istirahət və xizək mərkəzləri fəaliyyət göstərir. Yəni bölgədə bütün fəsillərdə turistlər üçün istirahət imkanı var.

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri qeyd edib ki, füsunkar təbiəti, zəngin bitki örtüyü, təmiz havası Batabatın turizm cazibədarlığını daha da artırır. Burada rahat istirahət etmək, təbiətin gözəlliklərindən zövq almaq hər kəsin arzusudur. Alpinizmlə məşğul olan idmançılar üçün geniş imkanlar var. Türkiyədəki qardaşlarımız gəlib buranı gəzməli və bu yurdun gözəlliklərini öz gözləri ilə görməlidirlər.

Rauf Əliyev deyib: “Naxçıvan tarixi türk torpağıdır. Turan ellərinə atadır Naxçıvan. Qazi Mustafa Kamal Atatürkün dediyi kimi, “Naxçıvan türkün qapısıdır”. Zəngəzur dəhlizi açılandan sonra Naxçıvan Orta Asiya ilə Türkiyəni quru və dəmir yolu birləşdirəcək. Xalqlarımızın nümayəndələri daha tez-tez görüşəcək, səfər edəcəklər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.