MƏDƏNİYYƏT
Anadolu agentliyi Türkiyədə “İlin informasiya agentliyi” seçilib
Bakı, 19 dekabr, AZƏRTAC
Anadolu agentliyi Anadolu Yayımçılar Dərnəyinin illik “Anadolu media mükafatları” üzrə “İlin informasiya agentliyi” nominasiyasının qalibi olub.
AZƏRTAC xəbər verir ki, Ankarada mükafatların təqdimatı mərasimi keçirilib. Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Bülənd Arınç mükafatı Anadolu agentliyinin baş direktorunun müavini və baş redaktoru Mətin Mutanoğluna təqdim edib.
M.Mutanoğlu deyib ki, onun təmsil etdiyi kollektiv bu mükafatı Anadolu agentliyinin Suriyanın Hələb şəhərində törədilən terror aktı zamanı həlak olmuş müxbiri Salih Mahmud Leylaya həsr edir. O, mükafatın qazanılmasında agentliyin bütün əməkdaşlarının payı olduğunu vurğulayıb.
Tədbirdə Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül, daxili işlər naziri Süleyman Soylu, ailə, əmək və sosial təminat naziri Zəhra Zümrüd Səlcuq, Prezidentin mətbuat katibi İbrahim Kalın, KİV nümayəndələri iştirak ediblər.