CƏMİYYƏT


Ankarada Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Ankara, 23 may, AZƏRTAC

Ankara şəhərində fəaliyyət göstərən Məhəmməd Əmin Rəsulzadə adına Anadolu Liseyində 28 May - Azərbaycanın Müstəqillik Günü və Azərbaycan-Türkiyə diplomatik əlaqələrinin qurulmasının 30 illiyi münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirildikdən sonra bədii proqramda hər iki ölkənin dostluğunu və qardaşlığını tərənnüm edən ifalar əksini tapıb.

Mərasimdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım və liseyin direktoru Taylan Kaya, diplomatlar və məktəbin müəllim heyəti iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Rəşad Məmmədov iştirakçıların suallarını cavablandıraraq diqqətə çatdırıb ki, Azərbaycan-Türkiyə qardaşlığı əcdadlarımızdan əmanət olan dəyərli varlıq kimi əzmlə qorunur. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri, liderlərimizin birgə qərarları, qətiyyətli siyasi kurs iki qardaş ölkənin inkişaf və tərəqqisinin təminatçısıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı rəşadətli Qələbəni xatırladan diplomat vurğulayıb ki, başda dövlət başçısı olmaqla bütün Türkiyənin haqq işində ölkəmizə verdiyi siyasi-mənəvi dəstək ortaq tariximizə qızıl hərflərlə yazılmış təntənədir. Azərbaycanın işğaldan azad olunan torpaqlarında tikinti-quruculuq işlərində Türkiyə şirkətlərinin fəal şəkildə iştirakı bu qardaşlığa daha bir nümunədir.

Rəşad Məmmədov çıxışında Azərbaycan və Türkiyənin liderliyi ilə bölgədə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və s. beynəlxalq statuslu iqtisadi layihələrin əhəmiyyəti barədə müfəssəl məlumat verib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.