ELM VƏ TƏHSİL
Ankarada “Şuşa-270” biblioqrafik göstəricisi təqdim edilib
Bakı, 5 dekabr, AZƏRTAC
AMEA Mərkəzi Elmi Kitabxananın (MEK) əməkdaşları Türkiyədə VII Ankara beynəlxalq elmi araşdırmalar konfransında iştirak ediblər.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, konfransın bir bölməsinə MEK-in baş direktoru professor Məmməd Əliyev rəhbərlik edib. Məmməd Əliyev konfransda “Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır” mövzusunda məruzə ilə çıxış edib. O, Şuşanın mədəniyyəti, Azərbaycan tarixində yeri haqqında məlumat verib, şəhərin işğal altında olan zaman erməni vandalları tərəfindən törədilən dağıntılardan söz açıb.
Konfransda “Konstitusiya qanunvericiliyinin inkişafında Heydər Əliyevin rolu” və “Türkiyədə idarəçilik sistemi dəyişikliyinin Azərbaycanla əlaqələrin daha da dərinləşməsi istiqamətində təsirləri” mövzularında məruzələr dinlənilib.
Tədbirdə, həmçinin MEK tərəfindən nəşr edilən “Şuşa-270” biblioqrafik göstəricinin təqdimatı olub.