SİYASƏT


Ankarada TÜRKPA-nın komissiya iclası keçirilib VİDEO

Ankara, 16 may, AZƏRTAC

Ankara şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) sosial, mədəni və humanitar məsələlər komissiyasının 7-ci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Məclisinin deputatı, TÜRKPA-nın sosial, mədəni və humanitar məsələlər komissiyasının sədr müavini Sevinc Hüseynovanın sədrliyi ilə keçirilən iclasda təşkilata üzv dövlətlərin nümayəndələri, həmin ölkələrin Türkiyədəki səfirliklərinin təmsilçiləri, həmçinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım iştirak ediblər.

İclası açan Azərbaycan Milli Məclisinin deputatı Sevinc Hüseynova komissiyasının 6-cı iclasından sonrakı müddətdə görülən işlərdən, qəbul olunan qərarların əhəmiyyətindən, qarşıda duran vəzifələrdən danışıb.

Sonra Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatları, TÜRKPA-nın hüquqi məsələlər və beynəlxalq münasibətlər komissiyasının sədri İsmet Uçmanın və TBMM-in qadın və kişilər üçün bərabər imkanlar komitəsinin sədri Canan Kalsının çıxışları dinlənilib.

Daha sonra Qazaxıstan və Qırğızıstan nümayəndələri ölkələrində aparılan gender siyasəti və əldə olunan nəticələr barədə məlumat veriblər.

Çıxışlarda diqqətə çatdırılıb ki, milli dəyərlərimizin və dövlətlərimizin gücünün əsasında yüksək ailə prinsipləri dayanır. Möhkəm ailənin formalaşmasında qadının müstəsna rolu var. Qeyd olunub ki, tarixin bütün dövrlərində türksoylu xalqlar qadın əməyinə və onun cəmiyyətdəki yerinə yüksək qiymət veriblər.

Daha sonra iştirakçılar “BMT-nin Dayanıqlı İnkişaf Hədəfləri çərçivəsində gender məsələləri, TÜRKPA-ya üzv ölkələrdə müasir ailələrin mədəni kimliyinə (qanunvericilikdə perspektivlər)” dair hesabatla tanış olublar.

İclas qərara alıb ki, TÜRKPA-nın sosial, mədəni və humanitar məsələlər komissiyasının 8-ci iclası 2020-ci ildə Azərbaycanda keçirilsin.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.