MƏDƏNİYYƏT
Anna Kaşina: Bakı Caz Festivalı yüksək səviyyədə təşkil olunub
Bakı, 17 sentyabr, AZƏRTAC
Sentyabrın 10-dan 18-dək Bakıda Caz Festivalı keçirilir. Ənənəyə görə, festivalda Azərbaycan musiqiçiləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən olan tanınmış ifaçılar da çıxış edir.
AZƏRTAC xəbər verir ki, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə keçirilən festivalda rusiyalı ifaçı Anna Kaşina “Jazz du Soleil” qrupu ilə çıxış edib. Bununla əlaqədar sentyabrın 17-də “Sputnik” multimedia mətbuat mərkəzində keçirilən mətbuat konfransında caz ifaçısı öz çıxışı və Bakı tamaşaçısı tərəfindən səmimi qarşılanması barədə təəssüratlarını bölüşüb.
Bakıya ilk dəfə gəldiyini, paytaxtımızın gözəlliyinə və qonaqpərvərliyinə heyran olduğunu bildirən Anna Kaşina festivalın yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq bu tədbirdə çıxış etməkdən böyük zövq aldığını, gələcəkdə Azərbaycan caz ifaçılarının yaradıcılığını öyrənməyi planlaşdırdığını qeyd edib.
Fransız, ingilis və rus dillərində çıxış edən, repertuarına fransız şansonu, klassik caz kompozisiyaları, həmçinin rus cazının banilərinin melodiyaları daxil olan müğənni yeddi il Fransada yaşadığını, bu ölkənin rəngarəngliyini mənimsədiyini diqqətə çatdırıb.