MƏDƏNİYYƏT
Anna Netrebko və Yusif Eyvazov Böyük Teatrda çıxış edəcəklər
Bakı, 10 oktyabr, AZƏRTAC
Noyabrın 26-da Rusiya Dövlət Akademik Böyük Teatrında “Verdi Qala” konsert proqramı təqdim ediləcək.
AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, konsertdə Rusiyanın Xalq artisti Anna Netrebko və Azərbaycanın Xalq artisti Yusif Eyvazov çıxış edəcəklər.
Dünya operasının ulduzu A.Netrebko yaddaqalan səhnə obrazları yaratmaqla yanaşı, konsert proqramları ilə də çıxış edir. Onun solo diskləri bestsellerə çevrilib. Musiqiçi haqqında çəkilmiş sənədli filmlər Avstriya, Danimarka, Almaniya, Rusiya və İsveçrədə nümayiş olunub.
Musiqi karyerasına İtaliyada başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Azərbaycanlı musiqiçinin adı “Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.
ABŞ müğənnisi Dolora Zadjik (metso-soprano) və Azərbaycanın Xalq artisti Elçin Əzizov (bariton) isə “Verdi Qala” konsertinin xüsusi qonağı olacaqlar. Onların duetləri konsert proqramını daha da zənginləşdirəcək.