MƏDƏNİYYƏT
Anna Netrebko və Yusif Eyvazov Monakoda konsert proqramı ilə çıxış edəcəklər
Bakı, 23 oktyabr, AZƏRTAC
Rusiyanın Xalq Artisti Anna Netrebko (soprano) və Azərbaycanın Əməkdar Artisti Yusif Eyvazov (tenor) 2018-ci il fevralın 1-də Monakoda “Qrimaldi Forum” məkanında konsert proqramı ilə çıxış edəcəklər.
AZƏRTAC “Qrimaldi Forum”un saytına istinadla xəbər verir ki, konsertdə C.Verdi, A.Boyto, A.Katalani, C.Puççini, P.Maskanyi, F.Çilea və digər bəstəkarların əsərləri səsləndiriləcək.
Dünya operasının ulduzu Anna Netrebko yaddaqalan obrazlar yaratmaqla yanaşı, konsert proqramları ilə də çıxış edir. Onun solo diskləri bestsellerə çevrilib. Musiqiçi haqqında çəkilmiş sənədli filmlər Avstriya, Danimarka, Almaniya, Rusiya və İsveçrədə nümayiş olunub.
Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Y.Eyvazovun adı “Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.