DÜNYA
Antiimmiqrant Andrey Babişlə bağlı növbəti qalmaqal başlanıb
Praqa, 6 fevral, AZƏRTAC
Çexiyanın baş naziri milyarder Andrey Babiş Avropada qaçqınların qəbul edilməsinin və qeyri-leqal immiqrasiyanın əleyhinədir. Eyni zamanda, Praqadan 80 kilometr cənub-qərbdə yerləşən Mirovitsa yaşayış məntəqəsindəki quşçuluq fabriki Babişin özünə məxsusdur və burada elə həmin qeyri-leqal miqrantların əməyindən istifadə edilir.
AZƏRTAC xəbər verir ki, bu faktı üzə çıxaran Almaniya KİV-ləri olub. Babişə məxsus “Agrofert” holdinqinin dövriyyəsinin həcmi milyardlarla ölçülür. Bu holdinqin müəssisələrində Avropa İttifaqına daxil olmayan ölkələrdən, o cümlədən Vyetnam, Ukrayna və Monqolustandan gəlmiş çoxsaylı qastarbayterlər işləyir.
Əcnəbi işçilərin bir qismi fabrikin binasının arxasında yerləşən və təmirə ehtiyacı olan barakda yaşayır. Fabrikdən bir qədər aralıda yerləşən və heç də yaxşı təsir bağışlamayan yaşayış binası da “Agrofert”ə məxsusdur. Buradakı ikiotaqlı mənzillərin birində 10 nəfər vyetnamlı yaşayır. Onların sözlərinə görə, ayda 200 saat (gündə 8 saat olmaqla 25 gün) işləmək müqabilində hərəsi təqribən 600 avro məvacib alır. Üstəlik, bu insanların heç biri ilə yazılı şəkildə əmək müqaviləsi bağlanmayıb. Onların hərəsi lazımi şəraiti olmayan bu mənzildə yaşamağa görə ayda 100 avroya yaxın pul ödəyir.
Pərvanə Qarayeva
AZƏRTAC –ın xüsusi müxbiri
Praqa