SİYASƏT
Ənvər Qarqaş: Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir
Bakı, 5 aprel, Anar Rzayev, AZƏRTAC
Biz Azərbaycanda həyata keçirilən bir çox strateji əhəmiyyətli layihələrdə maraqlıyıq və logistika sahəsində birgə addımlar ata bilərik. Azərbaycan məhsulları Birləşmiş Ərəb Əmirlikləri bazarına daxil ola bilər. Ölkəmiz ərəb aləmində əhəmiyyətli mərkəzdir. Bu, böyük ticarət imkanları deməkdir. Hər iki ölkənin müasir infrastrukturu, liderlərimizin siyasi baxışı, inkişafda olan ikitərəfli əlaqələr bizi daha da gücləndirir.
Bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaş səsləndirib.
Azərbaycanda olmağından məmnunluğunu dilə gətirən nazir Prezident İlham Əliyev tərəfindən qəbul edildiyini vurğulayaraq deyib: “Bu, mənim üçün böyük şərəf idi. Bu, eyni zamanda, ikitərəfli əlaqələrimizin əhəmiyyətinin təcəssümüdür. Əlaqələrimiz yüksək səviyyədədir və güclənməkdə davam edir. Biz bir çox sahələrdə ortaq maraqları paylaşırıq. İnvestisiya, ticarət sahələrində birgə əməkdaşlığı genişləndirməyə çalışırıq”.
Son vaxtlar Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana səfər edən turistlərin sayında xeyli artım müşahidə olunduğunu söyləyən Ənvər Qaqaş ötən il onların sayının təqribən 120 minə çatdığını qeyd edib: “Bir çox sahələrdə birgə layihələrimiz həyata keçirilməkdədir. Abu-Dabi, Dubay və Bakı arasında hava reysləri əlaqələrimizin inkişafına mühüm təsir göstərən amillərdəndir. Əlaqələrimizin məxsusi tərəfi hər iki ölkənin gələcəyə baxmasıdır. Hər iki ölkə insan kapitalına yatırım edir və müsəlman ölkəsinin nə qədər müasir olmasını dünyaya nümayiş etdirir. Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin dünyaya aşıladığı əsas şüar məhz müsəlman ölkəsinin müasirliyidir. Ölkələrimizdə əldə edilən bu uğur digər müsəlman xalqlarına nümunədir”.
İqtisadi əməkdaşlığımızdan danışan Ənvər Qarqaş bu sahədəki perspektivlərə də toxunub: “Azərbaycanın turizm potensialı ölkənizə səfər edən minlərlə turist tərəfindən tanınıb. Yaxın gələcəkdə hər kəs digər sahələrdə də uğurlu əməkdaşlığımızın şahidi olacaq. İmzaladığımız müqavilələr əməkdaşlığımızı daha da möhkəmləndirib. Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması, investisiyanın qorunması və digər müqavilələr buna bariz nümunədir”.