CƏMİYYƏT
Aprel ayında 142 “Çağrı mərkəzi”ndə 14,6 mindən çox müraciətə cavab verilib
Bakı, 7 may, AZƏRTAC
Bu ilin aprelində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 “Çağrı mərkəzi”nə 14,6 mindən çox müraciət daxil olub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müraciətlərin 96,8 faizi bu və ya digər sosial təminat növünə hüququn müəyyən olunması, əmək hüquqları, sosial sığorta münasibətləri, tibbi-sosial ekspertiza və reabilitasiya, nazirliyin elektron xidmətlərindən istifadə, aktiv məşğulluq tədbirlərinə, o cümlədən özünüməşğulluq proqramına cəlb olunma və s. kimi aidiyyəti məsələlərlə əlaqədar sorğu xarakteri daşıyıb.
Müraciətlərə cavab olaraq, vətəndaşlara onları maraqlandıran məsələlərə dair qanunvericiliyin müvafiq maddələri əsasında izahatlar verilib. Digər müraciətlər isə məzmununa uyğun şəkildə nazirliyin aidiyyəti struktur bölmələrində araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.
Vətəndaşların müvafiq məsələlərə dair müraciətlərinə cavab olaraq onların məlumatlandırılması məqsədilə aprel ayında 59, 9 minə yaxın ismarış göndərilib.
“Çağrı mərkəzi” əlilliyin və ya sağlamlıq imkanları məhdudluğun qiymətləndirilməsinin nəticəsi, habelə ünvanlı dövlət sosial yardımının alınması üçün edilmiş müraciətə baxılmasının cari vəziyyəti barədə məlumat əldə etməyə də imkan verir.
Ümumilikdə cari ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Çağrı mərkəzi” 58,4 minə yaxın müraciətə cavab verib.