İQTİSADİYYAT
Aprelin 23-dən 119 nömrəli avtobuslarda gediş haqqı “BakıKart”la ödəniləcək
Paytaxtın marşrut şəbəkəsindəki avtobusların 53 faizi nağdsız ödəniş
sisteminə inteqrasiya edilib
Bakı, 21 aprel, AZƏRTAC
Aprelin 23-dən paytaxtdakı 119 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda da gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Bakı Nəqliyyat Agentliyindən (BNA) AZƏRTAC-a bildirilib ki, bütün digər xidmət sahələrində olduğu kimi sərnişindaşımalarda da nağdsız hesablaşmaların tətbiqi prioritet məsələlərdəndir. Dövlət başçısının tapşırığına uyğun olaraq son 5 ildə bu istiqamətdə mühüm addımlar atılıb. Paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 53 faizi nağdsız ödəniş sisteminə inteqrasiya edilib. Hazırda gündəlik olaraq 600 min nəfərədək sərnişinin (ümumi sərnişinlərin 33 faizi) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.
Nağdsız ödəniş sisteminin tətbiqi dövriyyənin şəffaflaşdırılması, vergi ödəmələrinin artırılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sürücülərin və digər çalışanların sosial rifahının yaxşılaşdırılması baxımından olduqca faydalıdır. Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi həmçinin bu sektorda sahibkarlığın inkişafında struktur və keyfiyyət dəyişikliyinə də müsbət təsir göstərməkdədir.
Aprelin 23-dən 119 nömrəli marşrut xətti (“Memar Əcəmi” metro stansiyası –Xırdalan şəhəri (O.Sarıvəlli küç.,) üzrə hərəkət edən avtobuslarda da gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək. Bununla da gün ərzində orta hesabla 20 min nəfərdən çox sərnişinin rahat daşınması təmin olunacaq.
İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.