REGİONLAR
Aqrar Elm və İnnovasiya Mərkəzində Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirilib
Bakı, 11 yanvar, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzində Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirilib. İclasda Əkinçilik, Tərəvəzçilik, Üzümçülük və Şərabçılıq, Meyvəçilik və Çayçılıq, Bitki Mühafizə və Texniki Bitkilər, Heyvandarlıq, Baytarlıq Elmi-Tədqiqat institutlarının, Azərbaycan Dövlət Aqrar Universiteti, Aqrar Tədqiqatlar Mərkəzi, Dövlət Kənd Təsərrüfatı Muzeyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədrləri, büro üzvləri və digər əməkdaşları iştirak ediblər.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda çıxış edən kənd təsərrüfatı nazirinin müşaviri Elçin Zeynalov aqrar sahənin inkişafında gənclərin rolundan danışıb. O qeyd edib ki, gənclərin elmi potensialından, müasir yanaşmalarından səmərəli istifadə olunması müsbət nəticələrin əldə edilməsini daha da sürətləndirir. Elçin Zeynalov gənclərin ixtisaslarının artırılmasının, çalışdıqları sahələr üzrə daha da təkmilləşmələrinin və inkişaf etmiş ölkələrin təcrübəsinə yiyələnmələrinin, həmçinin innovativ yanaşmaların aqrar sektorun inkişafına yönəldilməsinin vacibliyini vurğulayıb.
Daha sonra şuranın sədri Faiq Xudayev çıxış edərək Gənc Alim və Mütəxəssislər Şurasının məqsədi və vəzifələri, eləcə də həyata keçirdiyi tədbirlər barədə məlumat verib.
Sonra mövcud problemlər və qarşıda duran həlli vacib məsələlər barədə geniş fikir mübadiləsi aparılıb, aqrar sahənin elmi əsaslarla inkişaf etdirilməsi və elmi-texniki tərəqqinin, o cümlədən beynəlxalq elmi nəticələrin bu sahəyə tətbiqi, aqrar startap ideyalarının biznesə çevrilməsi və birgə fəaliyyət göstərilməsi istiqamətində Aqrar Elm və İnnovasiya Mərkəzi nəzdində İnkubasiya Mərkəzinin yaradılması qərara alınıb.