İQTİSADİYYAT
Aqrar sahədə tanınmış yapon şirkəti azərbaycanlı həmkarlarını iş birliyinə dəvət edir VİDEO
Tokio, 4 noyabr, AZƏRTAC.
Yaponiyanın aqrar sahədə müasir texnologiyaların tətbiqi ilə tanınmış “Koshino Nichiei Agri İnstitute” şirkəti layihələrini Azərbaycanda da tətbiq etmək niyyətindədir. Bu məqsədlə yapon şirkəti azərbaycanlı həmkarlarını iş birliyinə dəvət edir.
Bu barədə AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə məlumat verən şirkətin rəhbəri Şintaro Koşino bildirib ki, Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, sürətli inkişafı, həmçinin Prezident İlham Əliyev tərəfindən 2015-ci ilin ölkədə “Kənd təsərrüfatı ili” elan olunması yapon şirkətinin diqqətini cəlb edib. Şirkətin məsrəfləri minimuma endirərək yüksək məhsuldarlıq əldə olunmasına imkan yaradan müasir texnologiyalarının artıq dünyanın bir sıra ölkələrində maraq doğurduğunu qeyd edən Ş.Koşino bunun üçün Azərbaycanda əlverişli şəraitin və bu sahəyə böyük qayğının olduğunu vurğulayıb.
Şirkət tərəfindən hazırlanmış müasir texnologiylar barədə məlumat verən Ş.Koşino bildirib ki, bu texnologiya əlverişsiz ərazilərdə kənd təsərrüfatının inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təminatı, cüzi məsrəf və az sayda işçi qüvvəsi ilə yüksək məhsuldarlıq əldə olunmasına imkan yaradır. Kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün heç də hər yerdə əlverişli mühitin olmadığına diqqət çəkən şirkət rəhbəri qeyd edib ki, onların hazırladığı texnologiya istənilən şəraitdə 99,9 faiz məhsuldarlığa təminat verir. Yəni nə geniş ərazidə məhsuldar torpağa, nə daimi günəş enerjisinə, nə də böyük suvarma sistemlərinə ehtiyac qalmır. Dünyada ilk dəfə Yaponiyada tətbiq olunan sistem, eyni zamanda kosmik fəzada kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə imkan yaratdığından həm ABŞ-ın NASA, həm Yaponiyanın JAXA agentlikləri bu texnologiya ilə maraqlanır.
Sistemin tətbiqini nümunə üzərində izah edən Ş.Koşino bildirib ki, Günəş su mənbələrindəki bakteriyaları isidərək inkişaf etdirdiyi kimi, şirkətin hazırladığı xüsusi LED lampaları da laboratoriyalarda oxşar funksiyanı yerinə yetirir. Lakin təbii haldakından fərqli olaraq, laboratoriyada enerjinin bərabər paylanması buradakı bakteriyaların, göbələklərin bərabər və daha sürətlə inkişafına təkan verir. Nəticədə həm daha sürətlə, həm də bol və keyfiyyətli məhsul əldə olunur. Xüsusi konteynerlərdəki bloklarda bir neçə mərtəbə halında yerləşdirilmiş toxumlar diod lampaları vasitəsilə inkişaf üçün lazım olan vitaminləri, mineralları, enerjini bərabər miqdarda alır. Bu proses xüsusi kompyuter proqramları vasitəsilə təmzimlənir. Eyni zamanda, texnologiyanın tətbiqi bitkilərin fəsillərdən asılı olaraq yetişdirilməsi asılılığını da aradan qaldırır və il ərzində dəfələrlə məhsul almağa imkan yaradır. Onun vasitəsilə bitkinin ətrinə və tamına da təsir göstərmək olur.
Bu texnologiyanın yalnız bitkiçilikdə deyil, heyvandarlıq və balıqçılıqda da tətbiqinin müsbət nəticə verdiyini bildirən Ş.Koşino yetişdirdikləri ilan balığını təqdim edərək onun sürətli inkişafı, həcmi və keyfiyyəti ilə fərqləndiyini deyib.
Azərbaycan kimi alternativ enerji mənbələrinin bolluğu ilə seçilən ölkələrdə sistemin tətbiqi üçün əlavə mənbələrə ehtiyac qalmadığını qeyd edən şirkət rəhbəri konteynerlərin üzərində yerləşdirilmiş günəş panellərindən alınan enerjinin bunun üçün yetərli olacağını vurğulayıb. Sistemin bu xüsusiyyəti təbii fəlakətlərin baş verdiyi ərazilərdə də məhsul əldə etməyə imkan yaradır.
“Nichei İntec” şirkəti tərəfindən hazırlanmış texniki vasitələrə - LED lampalara, günəş enerjisi batareyalarına diqqət çəkən Ş.Koşino həmin texnologiyanın yüksək keyfiyyəti ilə fərqləndiyini bildirib.
Azərbaycanın həm aqrar sektorda çalışan fermerləri, həm də elmi tədqiqat institutları ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirən şirkət rəhbəri bunun hər iki tərəf üçün fayda verə biləcəyinə əminliyini ifadə edib. Onu da bildirib ki, əlverişli geostrateji mövqeyə malik Azərbaycan bu texnologiyanın ətraf ölkələrə yayılacağı mərkəzə də çevrilə bilər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio