ELM VƏ TƏHSİL
Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlərin nəzərinə
Bakı, 26 oktyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən oktyabrın 30-da aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının I mərhələsi keçiriləcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan saat 10:00-da başlayacaq və 3 saat davam edəcək.
Namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Kompüter vasitəsilə keçirilən test imtahanları üçün nəzərdə tutulan təlimatla DİM-in saytında tanış olmaq mümkündür.
İmtahana qeydiyyat 2020-ci il sentyabrın 14-dən oktyabrın 11-dək aparılıb və bu müddət ərzində 52 namizəd qeydiyyatdan keçib.
Namizədlər saat 9:00-da imtahan binasında olmalı, imtahana tibbi maska ilə gəlməli və şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməlidirlər.
COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına daxil olan namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə ediləcək. İmtahan zalında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq.
Xatırladaq ki, imtahanın birinci mərhələsi ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) yoxlanılmasına aid sualları, sığorta və kənd təsərrüfatı sahəsi üzrə qanunvericiliyi və sertifikat növlərinə uyğun olaraq müvafiq sahə ilə bağlı ixtisas suallarını əhatə edir. Ümumi (maksimal) bal 120-dir.
İmtahanın birinci mərhələsindən müvəffəqiyyətlə keçən şəxslər Aqrar Sığorta Fondu tərəfindən təşkil edilən təlimlərə cəlb olunurlar. Təlimlər bitdikdən sonra imtahanın ikinci mərhələsi keçirilir.
Yetmiş iki və daha yüksək bal toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilir və onlar Aqrar Sığorta Fondu tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək hüququ qazanır.