CƏMİYYƏT
Aqrokimyəvi vasitələr, pestisidlər, bioloji preparatlar, baytarlıq preparatları və yem əlavələri ilə bağlı idxal prosesi daha da təkmilləşdirilib
Bakı, 27 aprel. AZƏRTAC
Bitki sağlamlığının təmin olunması, standartlara cavab verən yüksək keyfiyyətli qida məhsullarının istehsalı, həmçinin ölkə ərazisində zəngin bitki örtüyünün qorunması və inkişaf etdirilməsi üçün istifadə olunan bitki mühafizə vasitələrinin − pestisidlərin və bioloji preparatların istehsalı, idxalı, ixracı, saxlanması və satışı ilə bağlı qaydalara əməl olunması xüsusi əhəmiyyət kəsb edir. Ona görə də həmin məsələ Qida Təhlükəsizliyi Agentliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, beynəlxalq təcrübəyə əsaslanaraq, bitki mühafizə vasitələri və gübrələrdə təsiredici maddələrlə əlaqədar mütəmadi araşdırmalar aparılır, siyahıda elmi əsaslarla əldə olunmuş nəticələrə uyğun yenilənmələr həyata keçirilir. Artıq ölkəmizə idxal olunan aqrokimyəvi vasitələr, pestisidlər, bioloji preparatlar, baytarlıq preparatları və yem əlavələri ilə bağlı idxal prosesi daha da təkmilləşdirilib və Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) üzərindən yeni elektron modul istifadəyə verilib.
Elektron sistemdə tətbiq olunan yeniliyə əsasən, ölkə ərazisinə sınaqdan keçirilməmiş, istifadəsinə icazə verilməmiş, qeydiyyatsız məhsulların gətirilməsi texniki cəhətdən mümkün olmayacaq. Belə ki, idxal üçün elektron müraciət zamanı sahibkarlıq subyekti tərəfindən qeydiyyatda olmayan məhsulların sistemə daxil edilməsinin qarşısı avtomatik olaraq alınacaq.
Qeyd edək ki, AQTİS-ə tətbiq edilən yeni modul özündə rəsmi qeydiyyatda olan aqrokimyəvi vasitələr, pestisidlər, bioloji preparatlar, baytarlıq preparatları və yem əlavələrinin reyestrini ehtiva edir və onun tətbiqi ölkəmizə yalnız qeydiyyata alınmış və dövriyyəsinə icazə verilmiş məhsulların idxal olunmasını təmin edəcək.