İQTİSADİYYAT


“Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və SES-lərinin tikintisinin davam etdirilməsinə dair mühüm Saziş

Böyük siyasi-iqtisadi əhəmiyyətə malik bu sənəd Azərbaycan və İran Prezidentlərinin tapşırığı ilə imzalanıb

Bakı, 25 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 23-də İran İslam Respublikasına rəsmi səfəri zamanı hər iki dövlət başçısının verdiyi tapşırığa müvafiq olaraq, “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişin mətni razılaşdırılıb və imzalanıb. Sənədi Azərbaycan-İran hökumətlərarası Komissiyasının həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi imzalayıblar.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Sazişdə Azərbaycan Respublikasının və İran İslam Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipləri bəyan edilir, BMT qətnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsinin zəruriliyi, hər iki tərəfin “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları boyu bütün su və enerji ehtiyatlarına bərabər hüquqları vurğulanır.

Sazişdə, həmçinin hidroqovşaqların və su elektrik stansiyalarının tikintisinin başa çatdırılması, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edilənədək hidroqovşaqlarda və su elektrik stansiyalarında su və enerji ehtiyatlarının qorunması və istismarının İran İslam Respublikası tərəfindən təmin edilməsi və tərəflərin bu obyektlərdən bərabər əsaslarla yararlanması əks olunub.

Sazişə əsasən, tikinti işlərinə nəzarət və istismar prosesində azərbaycanlı mütəxəssislər iştirak edəcəklər.

Azərbaycan üçün olduqca böyük əhəmiyyət kəsb edən bu mühüm sənədin imzalanması Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi, dövlətimizin beynəlxalq aləmdə yüksək nüfuzunun göstəricisi, İran İslam Respublikası ilə son illərdə sürətlə inkişaf edən, dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan və regionda sülh yaratmağa yönələn münasibətlərinin təzahürüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.