İQTİSADİYYAT
Ərəbqədim–Göydərə yolu yenidən qurulub VİDEO
Bakı, 3 fevral, AZƏRTAC
Qobustan rayonunun Ərəbqədim–Göydərə avtomobil yolunda yenidənqurma işləri yekunlaşıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, başlanğıcını Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 88-ci kilometrliyindən götürən Ərəbqədim–Göydərə yolu 4-cü texniki dərəcəlidir. Torpaq əsaslı və çınqıl örtüklü yolun eni və uzunu tikinti norma və standartlara uyğun olmadığından torpaq işlərinin yerinə yetirilməsi tələb olunurdu. Bundan başqa, texnoloji ardıcıllıqla yeni yol geyiminin tikilməsi zərurəti yaranmışdı.
Yolun ümumi uzunluğu 13 kilometrdir. Yenidənqurma işləri çərçivəsində sözügedən yolboyu torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib. Layihə çərçivəsində yolun normativ eninin alınması üçün çınqıl materialı ilə yolun eninin 6-7 metrdən 10 metrə genişləndirilməsi və profilə salınması işləri aparılıb. Texnoloji ardıcıllığa uyğun olaraq bu işlərin ardınca yol əsasın alt və üst layının nəzərdə tutulmuş qalınlıqda tikintisi aparılıb. Daha sonra əlaqələndirici bitum səpilməklə iri və xırda dənəli olmaqla 2 laydan ibarət və 12 santimetr qalınlığında asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla bu asfaltlanma işləri 78 min kvadratmetr sahəni əhatə edib. Tikintinin aparıldığı ümumi ərazi isə 130 min kvadratmetrdən çoxdur.
Layihə çərçivəsində çiyinlərin optimal çınqıl-qum qarışığından 12 santimetr qalınlığında bərkidilməsi, həmçinin giriş-çıxış yollarının təmiri işləri aparılıb. Yolboyu yeni suötürücü dəmir-beton boruların quraşdırılmasına ehtiyac olduğu üçün, müxtəlif diametrlərə malik 6 ədəd yeni dairəvi suötürücü borunun quraşdırılması, həmçinin 1 dördbucaqlı su keçidinin inşası da layihə üzrə icra olunub. Zəruri yerlərdə avtonəqliyyat vasitələrinin hərəkətin təhlükəsizliyinin təmin edilməsi və sürücülərin düzgün istiqamətləndirilməsi məqsədilə yol nişanları, məlumatverici lövhələr, kilometr göstəriciləri və siqnal dirəkləri quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər çəkilib.
Ərəbqədim–Göydərə sakinlərinin rahat gediş-gəlişini təmin edəcək, həmçinin Bakı-Şamaxı-Yevlax avtomobil yolu vasitəsilə respublikamızın istənilən istiqamətinə hərəkət etməyə imkan verəcək yeni yol 2 mindən çox əhalinin yaşadığı 2 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması ilə yanaşı, bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.
Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə uyğun olaraq, son illərdə yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər qəsəbələr və kəndlərarası yolların yenidən qurulmasını da geniş əhatə edir. Başlanğıcını Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 88-ci kilometrliyindən götürən Ərəbqədim–Göydərə yolunun yenidən qurulması da yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin tərkib hissəsidir.