DÜNYA
Argentina Hərbi Dəniz Qüvvələri bir il əvvəl itən sualtı qayığın tapıldığını bildirib
Bakı, 17 noyabr, AZƏRTAC
“Ocean Infinity” kompaniyası 2017-ci ilin noyabrında itən Argentina Hərbi Dəniz Qüvvələrinə məxsus “San Juan” sualtı qayığının yerini müəyyən edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə respublikanın Hərbi Dəniz Qüvvələri məlumat yayıb. “Yüksək maraq kəsb edən 24 nömrəli obyekt “Ocean Infinity” kompaniyası tərəfindən məsafədən idarə olunan sualtı aparatın köməyi ilə tədqiq olunub. Tədqiqat nəticəsində 800 metr dərinlikdəki obyektin “San Juan” sualtı qayığı olduğu müəyyənləşib”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, Argentinanın Uşuaya limanından səfərə çıxan və göyərtəsində 44 ekipaj üzvünün olduğu dizel-elektrik mühərrikli “San Juan” sualtı qayığı ilə əlaqə 2017-ci il noyabrın 15-də kəsilmişdi. Noyabrın 30-da ölkənin Hərbi Dəniz Qüvvələri ekipajın xilas edilməsi üzrə əməliyyatların dayandığını, sualtı qayığın axtarışlarının isə davam etdiyini bildirmişdi.