İDMAN


Argentina İdman Arbitrajı Messiyə KONMEBOL-dan üzr istəməsini məsləhət görüb

Bakı, 16 iyul, AZƏRTAC

Argentina yığmasının hücumçusu Lionel Messi Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) korrupsiyaya qurşanmasını söyləyib. Argentina Ali İdman Arbitrajının üzvü Qustavo Abreu bildirib ki, Messi bu hərəkətinə görə konfederasiyadan üzr istəməlidir.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, 32 yaşlı Messi KONMEBOL-u korrupsiyada ittiham etdiyinə görə onun milli yığma komandanın heyətində çıxışlarına iki il qadağa qoyula bilər. Beləliklə, argentinalı futbolçu 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına seçmə turnirdən, habelə 2020-ci ildə Argentinada və Kolumbiyada keçiriləcək Amerika kubokundan kənarda qala bilər.

“Times of India” portalı Abreunun bu sözlərini sitat gətirib: “Mən Messiyə məsləhət görərdim ki, üzr istəsin. Çünki onlar Messiyə qarşı sanksiyalar tətbiq etmək istəyirlər”. Abreu Argentina Futbol Assosiasiyasına “Barselona”nın futbolçusu ilə əlaqə saxlamağı və onun üzr istəməsini xahiş etmələrini təklif edib.

İyulun 7-də Argentina yığması Amerika kubokunda üçüncü yer uğrunda keçirilən matçda 2:1 hesabı ilə Çili komandasına qalib gəlib. Görüşün birinci hissəsində arbitr komandaların kapitanları Messi və Qari Medeli idmançıya yaraşmayan hərəkətlərinə görə meydandan kənarlaşdırıb. Oyundan sonra argentinalı futbolçu turnirdə hakimliyə qəti etiraz əlaməti olaraq mükafatlandırma mərasimində iştirak etməyib və KONMEBOL-u korrupsiyada ittiham edib. Yarımfinalda Argentina yığması birinciliyə ev sahibliyi edən Braziliya komandasına 0:2 hesabı ilə uduzub. Bu matç zamanı ekvadorlu arbitr Roddi Sambranonun qərarları ilə əlaqədar, meydanda bir neçə dəfə qalmaqal yaşanıb. Matçdan sonra Messi hakimlərin işini kəskin tənqid edib.

Messi Argentina yığmasının heyətində 2008-ci ildə Pekində keçirilən Olimpiya Oyunlarının qızıl medalını və 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatının gümüş medalını qazanıb. Beş dəfə dünyanın ən yaxşı oyunçusu hesab edilmiş Messi “Barselona”nın heyətində on dəfə İspaniya çempionu, səkkiz dəfə İspaniya superkubokunun sahibi, altı dəfə İspaniya kubokunun qalibi, üç dəfə UEFA superkubokunun sahibi və üç dəfə klublar arasında dünya çempionatının qalibi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.