REGİONLAR
Argentina səfiri Qubada istehsalat müəssisələri ilə tanış olub
Quba, 17 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Argentinanın ölkəmizdəki səfiri Serxio Osvaldo Perez Qunella Qubaya səfər edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfirlə Quba Rayon İcra Hakimiyyətində keçirilən görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub. Rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevin qonaqlara Qubanın tarixi, son dövrlərdə keçdiyi inkişaf yolu, burada yaşayan azsaylı xalqlar, rayondakı tolerantlıq mühiti haqqında ətraflı məlumat verib.
Səfir Argentina-Azərbaycan münasibətlərinin intensiv inkişaf etdiyini bildirərək, ölkələrimiz arasında bir çox sahələrdə əlaqələrin qurulduğunu diqqətə çatdırıb.
Görüşdən sonra səfir “QubaEkoAqrar” MMC kənd təsərrüfatı mallarının istehsalı zavodu, “ABAD Factory” istehsalat kompleksi ilə tanış olub, dağ yəhudilərinin kompakt şəkildə yaşadığı Qırmızı qəsəbədə yerli icma nümayəndələri ilə görüşərək, buradakı sinaqoqları ziyarət edib.