MƏDƏNİYYƏT


Argentinada “Əbədi ezamiyyət” filminin ispan dilində nümayişi olub

Bakı, 6 dekabr, AZƏRTAC

Azərbaycan diplomatik xidmət orqanlarının 100 illik yubileyi çərçivəsində Argentinanın Buenos-Ayres şəhərində yerləşən Milli Kitabxanada “Əbədi ezamiyyət” sənədli filminin ispan dilində subtitrlərlə nümayişi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən təşkil olunan tədbirdə Argentina Xarici İşlər və Etiqad Nazirliyinin, digər dövlət qurumlarının yüksək vəzifəli rəsmiləri, Buenos-Ayresdə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Konqresin üzvləri ilə yanaşı, bu ölkədə fəaliyyət göstərən yəhudi, müsəlman təşkilatlarının, eləcə də KİV-lərin nümayəndələri iştirak ediblər.

Ölkəmizin Argentinadakı səfiri Rəşad Aslanov tədbiri açaraq 2016-cı ildə Heydər Əliyev Fondunun dəstəyi, Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzi tərəfindən ərsəyə gətirilən ekran əsərinin Paris Sülh Konfransına ezam olunmuş Azərbaycan nümayəndə heyəti üzvlərinin milli dövlətçilik ideyaları uğrunda apardıqları mübarizədən, onların keşməkeşli taleyindən və qürbətdə bitən ömür yolundan bəhs etdiyini bildirib. Həmçinin filmin xalqımızın müstəqillik tarixinin nisbətən qaranlıq qalan daha bir səhifəsinə işıq saldığını, yaradıcı heyət tərəfindən filmin hazırlanması üçün il yarım müddətində Bakı, Tbilisi, Moskva, Sankt-Peterburq və Paris şəhərlərindəki arxivlərdə araşdırmalar aparıldığını, bu şəhərlərdə video və fotoçəkilişlər edildiyini, Fransada Azərbaycan mühacirəti ilə bağlı tədqiqat aparan alimlərlə görüş və söhbətlərin lentə alındığını vurğulayıb.

Rəşad Aslanov Azərbaycan Xalq Cümhuriyyətinin qısa, lakin şərəfli və dövlətçilik ənənələrinin formalaşması baxımından çox önəmli müstəqillik tarixi haqqında məlumat verib. Qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın 1919-cu ildə qəbul edildiyi tarixin - iyulun 9-nun Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur və bu il həmin əlamətdar tarixdən düz 100 il keçir.

Müasir Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş xarici siyasət kursunun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən diplomat milli maraqlara və mövqelərimizin dünya səviyyəsində müdafiəsinə əsaslanan müstəqil, çoxşaxəli, balanslı və fəal xarici siyasət aparıldığını diqqətə çatdırıb.

Qeyd edək ki, “Əbədi ezamiyyət” filmi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Filmin nümayişi Argentinada Azərbaycanın tarixi, keçdiyi müstəqillik yolu və əldə etdiyi nailiyyətlərin təbliği baxımından təqdirəlayiq hal kimi qiymətləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.