REGİONLAR


Arı yeşiklərinə tələbat çoxalıb Tovuzdan reportaj VİDEO

Tovuz, 27 fevral, Ruslan Novruzoğlu, AZƏRTAC

Son illər dövlətin arıçılığa göstərdiyi dövlət qayğısı ölkəmizin qərb bölgəsində də bu sahəyə marağı artırıb. Bu səbəbdən yeşiklərə, yəni arı pətəklərinə tələbat çoxalıb. Pətək hazırlamaq isə ağır zəhmət hesabına ərsəyə gəlir.

AZƏRTAC xəbər verir ki, Tovuzda arı pətəyi istehsalı ilə məşğul olan dülgər Sahəddin Namazov uzun illərdir bu sənəti yaşadır. Dülgərlik sənəti üzrə peşə təhsilinə yiyələnən usta həmişə arıçıların istəyini nəzərə aldığını deyir. Arıçılar yeşiklərin forması və ölçüsü, həmçinin havalandırma dəliyi ilə bağlı öz təkliflərini verirlər.

“Son zamanlar orta ölçülü “Rut” adlandırılan pətəklərə maraq daha çox artıb. Ona görə ki, eyni çərçivələrdən həm birinci, həm ikinci, həm də üçüncü mərtəbələrdə istifadə etmək olur. "Dadan" deyilən ölçülərə isə indi tələbat demək olar ki, yoxdur”, - deyə S.Namazov əlavə edib.

Usta deyir ki, arı pətəklərini əsasən şam ağacından düzəldir. Bu ağacların özünəməxsus qoxusu olur ki, arılar da bunu xoşlayır. Bu yeşiklərdə arılar daha yaxşı işləyir və bal toplayır. Şam ağacından düzəldilən arı pətəklərinin ömrü də uzun olur.

Tovuzlu usta pətəklərin hazırlanmasında özünün düzəltdiyi alətdən istifadə edir. O, işinin əksər hissəsini həmin avadanlıqla görür. Arıxanalar üçün çərçivələr də düzəldən usta onların qiymətinin hazır və sökülü halda olmasından asılı olaraq, 70-90 qəpikdən başladığını deyir. Bundan başqa, ustanın bir yeniliyi də arı pətəklərinin kənarlarını şüşədən düzəltməsidir. Belə yeşiklərdə arının içəridə hansı işi görməsini, balı necə ərsəyə gətirməsini asanlıqla müşahidə etmək olur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.