REGİONLAR
Ərkivanlı dulusçunun əl işlərinə heyran olan rusiyalı turist Sibirdən Masallıya gəldi - REPORTAJ VİDEO
Masallı, 2 mart, İlkin Adıyev, AZƏRTAC
Dulusçuluq Azərbaycanda ən qədim istehsal sahələrindəndir. Müasir dövrdə də bu qədim peşəni qoruyub saxlayan sənətkarlar var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlardan biri də Masallı rayon Ərkivan qəsəbə sakini Cəsarət Nuriyevdir. O, bir əsrlik ailə peşəsini davam etdirərək, əlli ilə yaxındır ki, dulusçuluqla məşğuldur. Usta məişətdə istifadə olunan müxtəlif növ saxsı qablar hazırlayıb satmaqla ailəsini dolandırır.
Cəsarət usta deyir ki, bu sənət çox zəhmət, diqqət və dəqiqlik tələb edir: “Saxsı qab həm keyfiyyətli, həm də sağlamlıq üçün tam zərərsizdir. Mətbəximizə sənaye üsulu ilə hazırlanan mis, alüminium, keramik qablar daxil olsa da, saxsı qablara hər zaman tələbat var. Buna görə də dulusçuluq sənəti öz əhəmiyyətini itirmir”.
Dulusçuluğu atasından öyrənən sənətkarın əl işləri hər kəs tərəfindən maraqla qarşılanır. Onun hazırladığı saxsı qablar arasında müxtəlif formalı heyvan fiqurları daha çox diqqəti cəlb edir. Usta bundan başqa müxtəlif ölçüdə dolça, piti qabı, dibçək, güldan, küp və qazan da hazırlayır ki, bunlara da məişətdə, eləcə də kənd yerlərində daha çox ehtiyac var.
Usta hazırladığı əl işlərini sosial şəbəkə hesablarında da paylaşaraq xarici turistlərin marağına səbəb olur. Son paylaşımı isə Rusiyanın İrkutsk şəhərində yaşayan Vera Aksamentovanın diqqətini çəkib. Vera ərkivanlı ustanın əl işlərindən heyrətlənib və bu saxsı qabları yaxından görmək üçün Azərbaycana – Masallıya gəlib.
“Cəsarət ustanın əl işlərini görmək üçün uzaq Sibirdən gəlmişəm. Əvvəllər də Azərbaycanda olmuşam. Amma indi xüsusi olaraq bu saxsı qabları yaxından görmək üçün ölkənizə gəldim. Cəsarət usta, çox bacarıqlı insandır. Onun hazırladığı əl işləri məni valeh edir. Palçıqdan həqiqətən möcüzələr yaradır. Mən özüm də rəssam olduğum üçün ustadan icazə almışam ki, qabların üstünə naxışları mən vurum. Bu saxsı qablardan alıb öz ölkəmə də aparacağam”, - deyə Vera Aksamentova bildirib.
Rusiyalı turist Lənkərana da səfər edəcək, gəzməli-görməli yerlərlə tanış olacaq.
Cəsarət usta ata-baba sənəti olan dulusçuluğu yaşatmaq, gələcək nəsillərə ötürmək üçün bu sənətin sirlərini oğluna da öyrədir.
Onun əl işləri müxtəlif festivallarda nümayiş etdirilir.