DÜNYA
“Armeniareport”: Erməni xalqı artıq zülmdən və yalanlardan bezib
Bakı, 17 aprel, AZƏRTAC
Ermənistan xalqı Sarkisyan klanına qarşı apardığı mübarizədə müxalifətdən istənilən dəstəyi görmür. Xalq Sarkisyana qarşı mübarizəni heç bir dəstək olmadan aparır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Ermənistanın “Armeniareport” saytında yayılan məqalədə yer alıb. Məqalədə qeyd olunur ki, 2008-2011-ci illərdə erməni müxalifətinin passivliyi iqtidara qarşı mübarizəni yarımçıq qoydu. Hazırda davam edən etirazları xalqın mübarizəsi kimi qələmə verən müəllif erməni ictimaiyyətinin çəkinəcəyi heç bir gücün olmadığını vurğulayır. Bildirilir ki, Sarkisyan kimi Ermənistan müxalifətinin də qorxduğu və hesablaşdığı xarici qüvvələr var. Ermənistanı idarə edən bu xarici qüvvələr isə heç zaman erməni xalqının azadlığını istəməyiblər. Erməni xalqı artıq zülmdən və yalanlardan bezib. Serj Sarkisyan yalandan bəyan edir ki, guya Ermənistanın makroiqtisadi vəziyyəti sabitdir və xalqın rifahı yaxşılaşır. Ancaq reallığa baxdıqda ölkə aclıq və səfalət içindədir.
Müəllif yazır ki, bu gün bütün dünyanın diqqəti Suriyadadır. Beynəlxalq ictimaiyyət Ermənistana diqqət yetirsə, burada vəziyyətin Yaxın Şərqdəkindən də ağır olduğunu görər. Ermənistan böyük bir uçuruma gedir.
Ermənistan KİV-ləri xəbər verir ki, paytaxt sakinləri bir neçə mərkəzi küçəni bağlayıblar. Mitinq iştirakçıları İrəvan sakinlərini təkcə paytaxtın mərkəzindəki deyil, rayonlarındakı küçələri də bağlamağa çağırıblar. Hazırda aksiya iştirakçıları Abovyan, Koryun və Teryan küçələrindədirlər.
Polisin küçənin hərəkətli hissəsini boşaltmaq tələbinə aksiya iştirakçıları məhəl qoymurlar.