SİYASƏT
Ərşad Salehi: Ermənistanın bu addımına görə cəzalandırılması labüddür
Tehran, 13 iyul, AZƏRTAC
Ermənilərin Azərbaycana-qardaşlarımıza etdiyi hücumu şiddətlə qınayırıq.
Azərbaycanın İraqdakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu sözləri İraq Türkman Cəbhəsinin lideri Ərşad Salehi Tovuzda baş verən son təxribatla bağlı deyib.
Ərşad Salehi qeyd edib ki, İraq Türkman Cəbhəsinin başqanı və İraq parlamentinin deputatı olaraq, Ermənistanın bu addımını insan hüquqlarına və beynəlxalq hüquqa qarşı törədilmiş cinayət olaraq dəyərləndirir: “Ermənistan öz daxilində olan problemləri başqalarına da sövq etmək üçün bu kimi provokasiyalara əl atır. Ermənistan bu əməllərinə görə beynəlxalq ictimaiyyət önündə cavab verməlidir. Biz İraq türkləri olaraq hamımızın bu coğrafiyanın bir parçası olduğumuzu dilə gətirir, bütün varlığımızla qardaşlarımızın yanında olduğumuzu xatırladır və bu cinayəti şiddətlə qınadığımızı bildiririk. Can Azərbaycanımıza canımız qurban! O torpaqlar türk torpağıdır. Beynəlxalq ictimaiyyətin qısa bir zamanda işğalçı Ermənistanı bu addımına görə cəzalandırması labüddür”.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran